40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənildi

Sosial

24.03.2025 11:43

1452

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

TodayPress xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Həmin vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

tag: ƏƏSMN,Gecikdirilmiş vəsait,Müavinət,Kompensasiya,todaypress.az,