30 ukraynalı uşaq Azərbaycana gətirildi
Sosial
18.06.2024 13:50
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı
ilə bu gün daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə
təmin edilmək üçün Azərbaycana gətirilib.
Bu barədə TodayPress-ə
nazirlikdən məlumat verilib.
Bildirilib ki, Bakı
şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar
psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.
Daha sonra uşaqlar
Bakı şəhərinə qısa tanışlıq turuna cəlb ediləcəklər. Onlar İçərişəhər və
Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası, dənizkənarı bulvar, Atəşgah
məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı
qazanacaqlar.
Növbəti günlərdə
onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri,
eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə
cəlb olunması nəzərdə tutulur.
Düşərgə
iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də
tanış ediləcək. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların
emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə
inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, bundan
əvvəlki 4 qrupla birlikdə ümumilikdə 150-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilərək
sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
tag: Ukrayna, Azərbaycan,Reabilitasiya, Uşaq, todaypress.az,