15 nəfərin ölümünə görə “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı həbs edildi
Sabunçuda 15 nəfərin ölümündə “Starlyuks”
markalı gigiyenik vasitənin istehsalçısı təqsirləndirilir.
Bu barədə TodayPress-ə Baş Prokurorluğun Mətbuat
xidmətindən bildirilib.
Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu
rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon
prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında
olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli
olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit
edilib.
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə
yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı
şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən,
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar
oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.
2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin
hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis
keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min
manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun
istehsalat sexinə baxış keçirilməklə möhürlənib.
S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları
aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki
və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə
barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində
reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə
satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə
içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə
rayon polis idarəsinə tapşırıqlar verilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv
istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər
şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər
davam etdirilir.
tag: Sabunçu, İçki, Spirt, Həbs, Prokurorluq, todaypress.az,