131 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Prezident İlham Əliyevin “Azərbaycan
Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın
növbəti iclası keçirilib.
TodayPress bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər
verir.
Məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın
sədri, nazir Sahil Babayev Ali Baş Komandanın diqqət və qayğı sayəsində
ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir
infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının
yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, Azərbaycan
Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin mühüm sosial proqramından
bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Kommisiyanın sədri sözügedən fərmanın icrası olaraq
bugünədək dövlət vəsaiti hesabına Azərbaycan Ordusunun 20 il və daha çox
qüsursuz xidmət etmiş 4167 nəfər hərbi
qulluqçusunun mənzillərlə təmin olunduğunu, bundan sonra da hərbi qulluqçuların
sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə
təmin edilməsi prosesinin davam etdiriləcəyini bildirib.
Komissiyanın iclasında 2024-cü ilin sonunda dövlət
vəsaiti hesabına Bakı və Sumqayıt şəhərlərində alınmış tam təmirli mənzillərdən
bölüşdürülməmiş qalan 131 mənzilin bölgüsü aparılıb. Belə ki, Müdafiə
Nazirliyində növbəsi çatmış hərbi qulluqçular arasında püşkatma yolu ilə
müəyyən edilən bölgü Komissiyanın müvafiq qərarı ilə təsdiq olunub.
Qeyd olunub ki, Komissiya Müdafiə Nazirliyinin təqdim
etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxır və vaxtaşırı mənzil
almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edir.
tag: Prezident, İlham Əliyev, Maliyyə Nazirliyi, Sahil Babayev, Hərbiçi, todaypress.az,