Zərərçəkmiş şəxs: "Xocalı soyqırımının təşkilatçıları zaman-zaman Ermənistanın rəhbərliyində təmsil olunublar"
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David
İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan
cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən
zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və
vəzifələrini izah edib.
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin
ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını
müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların
Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel
Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu
bildirib.
Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün
partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə
1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan
ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.
Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 20-nə
keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam
törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O
əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət
vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır.
Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.
Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə
İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara
qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini,
zərərçəkmişlərin dindirilməsini təklif edib.
İclasda Xocalı soyqırımınadək rayonda ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri,
həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin,
mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə
toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.
Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq
edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində
Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib,
evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar.
Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtara verilmiş Vaqif Xaçaturyan
saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il
müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət
ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin,
eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları
cavablandırıblar.
Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri
tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib.
Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə
törədilən ən amansız cinayət idi.
O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil,
ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə
görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də
keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.
1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə
isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə,
10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi
vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.
Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı
açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar
sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək
Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə
məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli
sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir,
təhqir olunurdular”.
E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir
neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli
kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi
olub.
Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də
ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli,
Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin
halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə
planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman
Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.
E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı
Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə
siyasətinin nəticəsidir.
Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin
də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı
təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı.
“1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən
Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər
həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə,
Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə
çatdırıb.
Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də
axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin
Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir
hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o
qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə
bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər
ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq
oldu”, - deyə o qeyd edib.
E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi.
Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam
istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə
də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən
planlaşdırılmış tələ idi.
O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi
“humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert
Köçəryan, Serj Sarkisyan, Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri
sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox
idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam
arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ
çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın.
Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal
ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən
atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb.
Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı
Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə
anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan
sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən
və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün
orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək
götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə
su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə
apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu
kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı
Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında
dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini
soyublar.
Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə
Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq
Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun
olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması
nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o həlak olub, özü isə
yaralanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran
zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan
sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən “Qara qaya” deyilən yerdə sağ
əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov
götürülərək Əsgərana aparılıb və orada polis şöbəsinin təcridxanasında
saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər
Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri
zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə
vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana
aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı
Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.
Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını
sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda
tutaraq sonradan güllələyiblər.
Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının
ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər “Alazan” tipli raket
atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.
Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz
idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları
işdən çıxarıblar, dörd aylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi
törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış
sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun,
palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının
ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.
Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı
zamanı 8 yaşının olduğunu deyərək bildirib: “Biz Şelliyə çatmağa az qalmış anam
şəhid oldu, mən, atam və bacım yaralandıq”.
Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin
bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq,
göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi
qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan
ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki,
Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan
Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran
Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin
rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin
gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə
erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David
Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili
İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen
Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik
Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,