“Zəngəzur dəhlizi açılacaq, Ermənistan peşman olacaq” – MİLLƏT VƏKİLİ

Siyasət

29.01.2025 16:30

“Zəngəzur dəhlizinin açılması Azərbaycanın suveren hüququdur”.     

Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu Zəngəzur dəhlizi ilə bağlı TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, hər hansısa ölkənin ərazisinin bir hissəsi ondan aralı düşərsə, beynəlxalq hüquqi normalara əsasən, qeyd olunan məsafə arasında yol açılmalıdır. Əgər aradakı məsafə qısa olarsa, bu zaman gömrük yoxlanılması da həyata keçirilmir:

“Buna nümunə kimi, Rusiyanın Kalininqrad vilayəti ilə münasibətini göstərmək olar. Kalininqrad vilayəti Polşa ilə Litva arasında yerləşir və Rusiya onu Litva ərazisindən keçən dəmir yolları və boru kəmərləri ilə təchiz edir. Hansı ki, o bugün dünya tərəfindən də tanınır. Ermənistan da 10 noyabr bəyanatı ilə Azərbaycanın Naxçıvanla arasındakı kommunikasiyanın açılmasını öz öhdəsinə götürsə də, ötən 5 ilə yaxın müddət ərzində müxtəlif bəhanələrlə bundan imtina edib. Onların ortaya atdığı bəhanələr isə yalnız məsələləri uzatmaq, Azərbaycanı bilərəkdən çıxılmaz vəziyətə salmaq və bununla da rəsmi Bakıya siyasi təzyiqlər göstərməkdən ibarətdir”.   

Parlamentari diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı zamanı Azərbaycanın Ermənistanın müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizini açmaq qətiyyəti bir daha hiss olunub: 

“Nəinki Zəngəzur dəhlizi, hətta İran vasitəsi ilə də Azərbaycandan Naxçıvana gediş-gəliş də olacaq. Bundan sonra Azərbaycan öz yüklərini Naxçıvan vasitəsi ilə daşıyacaq, eyni zamanda beynəlxalq yoldan istifadə edərək həm Azərbaycan, həm də İran bundan xeyli gəlir götürəcək. Lakin hazırda Ermənistan bu həqiqəti dərk etməyərək növbəti dəfə özünü çıxılmaz vəziyyətə salır. Zəngəzur dəhlizi mütləq açılacaq. Rəsmi İrəvan isə buna ilk gündən əngəl törətdiyi üçün peşman olacaq”.   

Deputat sonda vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycanın hüququdur. Ermənistanın isə Azərbaycanın hüquqlarını tanımaqdan başqa bir çarəsi yoxdur.   

Qeyd edək ki, Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı danışıb. Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Töhfə Səməd

tag: Zəngəzur,Dəhliz,Azərbaycan,İran,Ermənistan,Aydın Mirzəzadə ,Deputat,Todaypress.az,