Zahid Oruc: “Azərbaycan əleyhinə mübarizə konqresmenlər üçün siyasi biznesidir”

Siyasət

04.11.2024 11:20

"Konqresdə zəfərimizdən sonra Azərbaycana qarşı şiddətlənən sanksiya, qərəzli qətnamələrin təəbbüskarları və sponsorlarına ayrılan maliyyənin həcmi ildən-ilə artır". 

TodayPress xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) idarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc "Parlamentlər va qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada bildirib. 

O, diqqətə çatdırıb ki, hazırda Ermənilərə xidmət edən konqresmenlərin qızğın “siyasi alveri”gedir:

" 907-ci düzəlişin ilk müəllifi Dina Titus ailəsinə ayrılan maliyyə 2 milyondan artaraq, 3 milyonu keçib. Konqresin “Ermənistan Müdafiə Aktının” sponsor və təqdimatçılarından olan Miçiqan ştatından senator Gary Petersin varidatı son 2 ildə xüsusilə böyüyüb. Göründüyü kimi, ölkəmiz əleyhinə aparılan mübarizə bəşəri dəyərlər, yaxud qlobal erməni dünyasının maraqları ilə adı ilə böyük siyasi biznesdir.

2024-cü il aprelin 26-da xalqımız üçün dərin rəmzi məna daşıyan 44 günlük Vətən müharibəsi qəhrəmanlarının sayı ilə “44 Azərbaycan rəsmisi” layihəsi  Zəfərimizin sakral-müqəddəs simvoluna zərbə vurmaq məqsədi güdürdü. Layihə və siyahı 2023-cü ildə Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanmışdı, sifarişçi isə həmin komissiyanın və erməni qrupun həmsədri Kris Smitdir". 

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti Türk silah sənayesinin simvolu TUSAŞ-a edilən xain hücumu pisləyəndə Avropa Parlamenti bölgəmizdəki kövrək sülhə zərbə vuran, silahlı terrora dəstək verən qətnamə qəbul edib. 

"Qlobal iqlim zirvəsi qarşısında Prezident İlham Əliyev bütün dövlətləri sülhə çağırır, əleyhimizə birləşənlər isə regionu müharibəyə sürükləyir. Çünki qazancları terror və savaşlardan çıxır" deyə o əlavə edib. 

Günəş Mərd

tag: Konqres, Azərbaycan, Ermənilər,Zahid Oruc, Milli Məclis, todaypress.az,