Yeni müharibə ocağı yaranır: Nüvə ölkələri qarşı-qarşıya...

Siyasət

25.04.2025 18:40

59

“Hindistan və Pakistan arasında tammiqyaslı silahlı toqquşma ehtimalı olduqca aşağıdır”. 

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress-ə danışarkən deyib. 

O diqqətə çatdırıb ki, hər iki ölkə nüvə silahına malikdir və bu amil açıq hərbi qarşıdurmanı praktiki olaraq mümkünsüz edir. 

“Tərəflərdən birinin qəti qələbə qazanması real deyil. Lakin “Hind çayı müqaviləsi”nin gündəmə gətirilməsi və Hindistanın müqavilədən çıxma ehtimalı ölkənin müharibəyə hazırlaşdığından xəbər verə bilər. Ancaq bütün bunlara baxmayaraq, bu, mütləq şəkildə real toqquşma anlamına gəlmir”. 

Politoloqun fikrincə, Hindistanın əsas narahatlıqlarından biri son illərdə Pakistan və Çin arasında inkişaf edən əməkdaşlıqdır. Bu yaxınlaşma, xüsusilə iqtisadi və infrastruktur layihələri çərçivəsində, Hindistanın geosiyasi planlarına təhdid olaraq qiymətləndirilir.

Hindistan Pakistan üzərində siyasi və psixoloji üstünlük qazanaraq regionda və beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirmək niyyətindədir.

Qeyd edək ki, aprelin 22-də Kəşmirdə baş verən atışma Hindistan və Pakistan arasında gərginliyə səbəb olub.

Bunun ardınca Pakistan ordusu hərbi təlimlərə başlayıb.

Hindistan Hərbi Hava Qüvvələri də cavab olaraq Pakistan sərhədinə yaxın ərazidə "Su-30", “Rafale” qırıcıları və “Surat” esminesinin iştirakı ilə genişmiqyaslı təlim keçirib.

İddia edilir ki, iki ölkə arasında gərginlik artmaqda davam edir və tərəflər mümkün toqquşmaya hazırlaşırlar. 

Töhfə Səməd

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Hindistan,Pakistan,Todaypress.az,

photo