Yeni əməkdaşlıq və regional sabitlik – İranın yeni prezidentindən gözləntilər – ŞƏRH
Siyasət
06.07.2024 15:54
“İran Pezeşkianı seçməyə məcbur idi”.
Politoloq Cümşüd Nuriyev bunu İranda islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkianın prezident seçilməsi ilə bağlı TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, 45 il ərzində İranın molla rejiminin yürütdüyü siyasət ölkəni çox çətin vəziyyətə salıb. Ona görə də xalqın son ümid yeri məhz Pezeşkian olub:
“İstər iqtisadi, istərsə də siyasi-ideoloji cəhətdən İran dövlət kimi çökmək üzrə idi. Ötən il baş verən hadisələr isə İranda daxili qarşıdurmanın çox yüksək səviyyədə olduğunu göstərdi. Bu, istənilən an vətəndaş müharibəsinə çevrilə bilərdi. Pezeşkian peşəkardır. Fars mənşəli Cavad Zərifin onun yanında olması isə bir daha Pezeşkianın İran dövlətinin ayaqda qalmasına xidmət edəcəyini göstərdi”.
Politoloqun qənaətincə, Pezeşkianın gəlişi ilə İran-Azərbaycan münasibətləri yeni müstəviyə qədəm qoyacaq.
“Bu adam islahatçıdır. Azərbaycan-İran münasibətlərində bir istiləşmə olacaq. Xüsusilə ideoloji və mədəni sahədə bu gözləniləndi. Bundan başqa İranın türklərə münasibəti yaxşılaşacaq. İran əvvəlki kimi Ermənistanı qızışdıra bilməyəcək. Pezeşkian buna imkan verməyəcək. Zəngəzur dəhlizinin açılmasına İran artıq əngəl törətməyəcək. Şimal-Cənub dəhlizi də çox sürətlə tikilə bilər. Bir sözlə onun prezident seçilməsi ölkəmizə çox böyük siyasi dividentlər gətirəcək”.
Günəş Mərd
tag: Cümşüd Nuriyev, Ermənistan, Azərbaycan, Pezeşkian, İran, todaypress.az,