Yaxın Şərq qan gölünə çevriləcək: “İran İsrailə birbaşa zərbələr endirəcək” - RƏY
Siyasət
03.08.2024 11:28
“İsrail və İran arasındakı gərginlik artan sürətlə davam edəcək”.
Politoloq Zeynal Əmrəliyev bunu mövcud İsrail-İran qarşıdurmasını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, artıq bu qarşıdurma özünün aktiv fazasına daxil olub:
“Bir neçə ay öncə İranın İsrailə endirdiyi zərbələr və bunun fonunda digər hadisələr gərginliyin artan sürətlə davam edəcəyini göstərir. HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra İran qisas əməliyyatı planlaşdırır. Bununla bağlı yunan rəsmilərinin açıqlamaları da var”.
Politoloq qeyd edib ki, İsrail indi əməliyyatlarını birbaşa İrana qarşı olmasa da, ona yaxın olan, Yaxın Şərqdə fəaliyyət göstərən silahlı qüvvələrə, həmin qüvvələrin komandanlarına qarşı davam etdirəcək. Bu da iki dövlət arasındakı gərginliyi daha da artıracaq:
“İsrailin taktikası onu göstərir ki, o, daha çox İrana bağlı olan qüvvələrə, məsələn, SEPAH ilə bağlı olan qrupların komandanlarını, rəsmi şəxslərini hədəf alır. Bu əməliyyatlar yaxın günlərdə də davam edəcək. Eyni zamanda İranın da İsrailə zərbələri ola bilər. Bu böyük ehtimalla Yaxın Şərq bölgəsindəki digər ölkələrinin ərazilərində baş verəcək. Həmin ölkə Suriya da, Livan da, Fələstin də ola bilər. İranın birbaşa İsrailə zərbələr endirəcəyi də istisna deyil”.
Günəş Mərd
tag: İsrail, İran, Fələstin, Livan, SEPAH,Zeynal Əmrəliyev, todaypress.az,