XİN: Ermənistanın tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatı sülhə xidmət etmir, təhlükəlidir
Siyasət
15.01.2025 22:40
Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in bəyanatı ilə bağlı şərhində deyilir.
"Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı
ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız
bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük
siyasətinin hələ də davam etdirildiyini göstərir.
Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və
kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir.
20-ci əsrin əvvəllərindən 1920-ci illərin əvvəllərinə
qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və
sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan
SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox
azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktları
Ermənistan tərəfinə yaxşı məlumdur.
Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli
məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi
soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki
şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan
çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək
məqsədini güdür.
Ermənilərin saxta propaqandasının tərkib hissəsi olan
uydurma "Sumqayıt qırğınları"nın Azərbaycanlıların deportasiyası və
kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb
hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün
dünya bilir.
Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına
varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi
abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun
olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir.
Ermənistan tərəfindən tarixi kütləvi şəkildə
saxtalaşdıran təbliğat sülhə xidmət etmir və təhlükəlidir", - A.Hacızadə
qeyd edib.
tag: XİN, Ermənistan, Azərbaycan, Ayxan Hacıyev, Bakı, todaypress.az,