XİN: Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır
Ermənistan Xarici İşlər Nazirliyinin
Sumqayıt hadisələri ilə bağlı 27 fevral tarixli bəyanatında ölkəmizə qarşı
irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif
edilməsi və saxtalaşdırılmasıdır.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in
Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində deyilir.
"Bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq
Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata
keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan
azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru,
etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək
cəhdləridir.
Ermənistan XİN-nə xatırladırıq ki, Sumqayıtda etnik
zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist
ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış
məqsədyönlü təxribatlarının tərkib hissəsi idi", - o bildirib.
XİN rəsmisi qeyd edib ki, SSRİ Baş Prokurorluğu
tərəfindən hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların
icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət
qurbanlar müəyyən edildiyi hər kəsə məlumdur.
"Hadisənin qurbanları arasında 6 nəfəri
azərbaycanlının olması sübut edir ki, bu iğtişaşlar azərbaycanlı əhali
tərəfindən həyata keçirilməmişdi.
Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin
səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən
olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub
və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri
toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan
cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.
27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə
əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər
barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.
Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci
illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx
yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən
çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir
görülməyib.
Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi
təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə
törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç
kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.
Ermənistan XİN-nə xatırladırıq ki, Azərbaycan
Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində
Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi
bütövlüyü və suverenliyini təmin edib.
Ermənistan tərəfinin guya ermənilərə qarşı 2023-cü ildə
“etnik təmizləmə” siyasəti həyata keçirildiyi barədə iddialar səsləndirmək
əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə
azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər
yetirməsi daha faydalı olardı" o qeyd edib.
tag: Azərbaycan, XİN, Təcavüz,Ermənistan, Ayxan Hacıyev, todaypress.az,