XİN: Erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmuş Ermənistanın beynəlxalq hüquqdan danışması absurddur
Siyasət
08.01.2025 21:26
Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan
İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların
deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin
saxtalaşdırılmasıdır.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı “Qərbi
Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.
Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi
Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında
sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan
nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər
boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və
qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və
yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib.
Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan
ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya
olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik
torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq
azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi
sənədlər mövcuddur.
Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı
kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri
barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır.
Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216
nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki,
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla
həyata keçirilib.
Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın
“Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq
pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan
rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif
bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və
Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar
nümunəsidir.
Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi
təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan
ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş
Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni
liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki,
irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü
təşkil edib.
Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra
Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin
yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam
etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş
Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.
Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma
torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin
hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə,
bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış
məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın
“etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik
dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi
məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına
şərait yaratmaqdan keçə bilər.
tag: Azərbaycan, XİN, Ermənistan, İnteqrasiya,Mirzoyan, Ayxan Hacıyev, todaypress.az,