“Xamenei öldükdən sonra İranda rejim çökəcək” - Politoloqdan ilginc İDDİA
Siyasət
11.01.2025 11:15
“İranın Ali Rəhbəri, de-yure dövlət başçısı Seyid Əli Xameneinin birbaşa təlimatı ilə Azərbaycana qarşı düşmən siyasəti davam etdirilir”.
TodayPress xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, İranda prezidentin funksiyası zəifdir və o, əsasən Ali Rəhbərin icazəsi ilə xarici siyasətini qura bilər:
“SEPAH İran prezidentinin həm daxili, həm də xarici siyasətini sabotaj edir. Demək olar ki, Məsud Pezeşkian öz vəzifə öhdəliklərini yerinə yetirə bilmir. Bir neçə ay bundan əvvəl, Pezeşkian ona işləməyə imkan verilmədiyini qeyd etmişdi. Məhz türk qanı daşıdığı və Azərbaycanda doğulduğu üçün onun prezident İlham Əliyevlə dialoquna və görüşünə imkan verilmir. Xamenei əslən azərbaycanlı olsa da, o, milli mənsubiyyətini fars-sasani milli ideologiyasina dəyişib”.
Analitik bildirir ki, İran Yaxın Şərqdə “Fatimiyyun”, “Zeynəbiyyun”, “Qüds Briqadası” yaradıb. Azərbaycana qarşı yaradılmış "Hüseyniyyun" təşkilatı isə S.Ə.Xameneinin xeyir-duası ilə terror siyasətini davam etdirir. Ali Rəhbərin yürütdüyü siyasət və atdığı addımlara görə, öz xalqı, Suriya, Livan, İraq və Yəmən xalqları illərlə əziyyət çəkib. Azərbaycanda da eyni ssenari tətbiq edilməyə çalışıldı. Amma Tehranın anti-Azərbaycan siyasəti fiaskoya uğradı:
“İran İslam İnqilabının banisi Seyid Ruhulla Xomeynidən sonra S.Ə.Xamenei nüfuzlu və ikinci şəxsdir. İranda hakim dini rejim də məhz iki nəfərin üzərində qurulub. Lakin Ali Rəhbər artıq qocalıb və o öldükdən sonra İranda siyasi vəziyyət dəyişəcək, mövcud sistemin çökməsi qaçılmaz olacaq”.
Politoloq sonda vurğulayıb ki, bütün ssenariləri nəzərə alsaq, SEPAH-ın daxilində kəskin fikir ayrılıqları və hakimiyyət uğrunda gedəcək savaşlar İranın parçalanmasına gətirib çıxaracaq.
Töhfə Səməd
tag: İran, Xamenei, Azərbaycanlı ,Məhəmməd Əsədullazadə, todaypress.az,