Vardanyanın "whatsapp" və "telegram"da apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirildi
Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri,
həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və
digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın
barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan
ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)
təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə
müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam
Berman məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin
izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə
iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması,
təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə
variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.
Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük
köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni
məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul
olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də
məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt
verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair
bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması
işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin
vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər
ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət
bildirib.
Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə
ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim
olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm
məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində
təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair
bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin
işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər
vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o
cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla
bağlı ona yenidən şərait yaradılacaq.
Daha sonra təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst
ifadə verməsi yenidən təklif olunub. Ruben Vardanyan ifadə verməkdən imtina
edib.
Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar
təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev
R.Vardanyandan həmtəsisçisi olduğu, humanitar məqsədlər pərdəsi altında
fəaliyyət göstərən təşkilatların təyinatı, məqsədləri, vaxtilə işğal altında
olmuş ərazilərdə həyata keçirilmiş layihələr, həmin təşkilatların üzvləri ilə
münasibətləri, eləcə də ictimai fəal Mirzə Dinnayinin Azərbaycan
Respublikasının vaxtilə işğal altında olmuş suveren ərazisi Qarabağa qanunsuz
səfər etməsi, onunla keçirdiyi görüşlər barədə suallar verib.
Sonra təqsirləndirilən şəxsə helikopter tipli pilotsuz
uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşası üçün
texniki sənədlərin əldə edilməsi barədə apardığı danışıqlar, Arman Djilavyan
adlı şəxsə zavodun inşası məqsədilə müvafiq sənədlərin alınmasına dair verdiyi
tapşırıqlar, bu fəaliyyətin Ermənistan Respublikası ilə razılaşdırması barədə
suallar ünvanlanıb.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay
Rəhimli təqsirləndirilən şəxs R.Vardanyana “VoMa” terror təşkilatının qurucusu
Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında votsap vasitəsilə
aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən
Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə
təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun
Birinci Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və İkinci
Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə
qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə
suallar verib.
Həmçinin təqsirləndirilən şəxsdən həmin təlimlərin
keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair
şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan
şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar
və ya qondarma rejmin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi
soruşulub.
Daha sonra R.Vardanyandan təhlükəsizlik məsələləri üzrə
ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi
və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil
tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı
danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən”
adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə
vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin
yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in
nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına
dair suallar verilib.
Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa
qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe
olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar
soruşulub.
Ardınca Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi
üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs R.Vardanyana
Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul
şəxsləri ilə danışıqlar aparmaqla qondarma rejim üçün zenit-raket
komplekslərinin (ZRK) alınması, eləcə də bu qurğuları istehsal edəcək
müəssisənin inşası üçün vəsait toplanması, özünü Qarabağda yaşayan erməniəsilli
şəxslərə “humanitar yardım göstərən” sahibkar kimi təqdim edən, bir müddət guya
yalnız sosial-iqtisadi məsələlərə cavabdehlik daşıyan “dövlət naziri” kimi hərbi
təyinatlı qurğuların istehsalı müəssisəsini yaratmaqda məqsədi, Azərbaycanın
vaxtilə işğal altında olmuş suveren ərazilərində fəaliyyət göstərən qanunsuz
silahlı birləşmələri və qrupları silah-sursatla təmin etməkdə niyyəti, hərbi
təyinatlı istehsal müəssisənin qurulması istiqamətində apardığı danışıqları
Ermənistanla razılaşdırması, onlar tərəfindən bu planın reallaşdırılması üçün
hər hansı vəsaitin və ya digər əmlakın verilib-verilməməsi barədə suallar
verilib.
Bundan sonra dövlət ittihamçısı Fuad Musayev Ruben
Vardanyanın Ermənistan ərazisindən Azərbaycanın vaxtilə işğal altında olmuş
Qarabağ bölgəsinə daxil olub məskunlaşdıqdan sonra Ermənistan ərazisindən bir
neçə dəfə digər ölkələrə getməsi, sonra isə yenidən Ermənistana qayıdıb keçmiş
qondarma rejimin olduğu əraziyə daxil olmasına baxmayaraq, hansı səbəbdən ona
məxsus pasportda yalnız Ermənistana girişinə və oradan çıxmasına dair qeydin
aparılması, özünü müstəqil dövlət kimi təqdim edən qondarma qurumun yerləşdiyi
ərazilərə keçid etdikdə hər hansı sənəd təqdim edib-etməməsi, pasportunda buna
dair qeydin aparılmaması, habelə bu keçidlərin başqa hansısa formada
rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə suallar ünvanlayıb.
Həmçinin təqsirləndirilən şəxsə Qarabağ ərazisində
müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi,
bu məqsədlə hərbi düşərgələrin yaradılması, təlimçilərin şəxsiyyəti, təlim
planları, təsisçisi olduğu “Biz – dağlarımızıq” adlı təşkilata “Ruben Vadanyan
Foundation”, “Dilijan Community Center”, “Aznavour Foundation” digər
təşkilatlar, fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı
təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, həmin vəsaitlər
hesabına müxtəlif idman yarışlarının və xüsusi düşərgələrdə təlimlərin
keçirilməsi, buna dair müxtəlif şəxslərlə aparılan danışıqlar, o cümlədən Aik
Ovakimian adlı şəxsə yazdığı “məni çoxu ilk gündən günahlandırır ki, guya mən
qan və qurbanlar olmasını istəyirəm”, “son üç ayda hazırladığımız 120 nəfər
barədə bir saniyə belə şübhə etmirəm, ancaq bu, dənizdə bir damladır” kimi və
digər mesajlar, həmçinin bu təlimlərin Ermənistanın razılığı ilə keçirilməsi
barədə suallar verilib.
Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev
təqsirləndirilən şəxs R.Vardanyana “Biz - dağlarımızıq” təşkilatı və digər
yardım aksiyaları adı altında pul vəsaitlərinin toplanması, bu vəsaitlər
hesabına müxtəlif odlu silah, döyüş sursatları, partlayıcı maddələr, hərbi
texnikanı əldə edərək, Ermənistandan qanunsuz şəkildə Qarabağa gətirilməsinin
məqsədi, bu silahlardan nədə istifadə etmək niyyəti, silahların gətirilməsinin
kim tərəfindən təşkil edilməsi, həmin hərəkətləri həyata keçirmək üçün
Ermənistan dövlətindən hansı dəstəyi alması, silah-sursatın kimin balansında
olması, sosial-iqtisadi məsələlərə cavabdeh “dövlət naziri”nin ofisində və bağ
evində hansı səbəbdən bu qədər hərbi təyinatlı avadanlığın olmasına dair
suallar verib.
Eyni zamanda, Qarabağda olmuş qanunsuz silahlı
birləşmələrin rəhbərlərinin və üzvlərinin adlı siyahısı sadalanaraq
təqsirləndirilən şəxs R.Vardanyana həmin şəxslərlə münasibətləri, onlara aylıq
muzd ödəməsi, pul vəsaitlərinin hansı qaydada və kim tərəfindən verilməsi,
ümumiyyətlə, muzdun ayrılması qaydasına dair suallar ünvanlanıb.
R.Vardanyana pilotsuz uçuş aparatlarının (PUA) alınması
üçün teleqram üzərindən əlaqə saxladığı Artur Alaverdiyan adlı şəxslə
münasibətləri, PUA-ları almaqda məqsədi, onları hansı maliyyə vəsaitləri
hesabına almaq niyyətində olması, digər şəxs və ya təşkilatlardan PUA-ların
alınması üçün vəsaitlərin toplanması barədə suallar verilib.
Nəhayət dövlət ittihamçısı Təranə Məmmədova
təqsirləndirilən şəxs R.Vardanyana Azərbaycan Respublikasının xarici ölkələrdə
olan diplomatik korpusunun nümayəndələrinə qarşı terror aktları törədilməsi
üçün “Nemezis-2” terror əməliyyatının başlanılmasına təşəbbüs göstərməsi, həmin
terror əməllərinə hazırlıq görməsi, əməliyyatın hansı səbəbdən məhz “Nemezis-2”
adlandırılması, bu əməliyyatın başlanılması təşəbbüsünü irəli sürməkdə məqsədi
və terror əməliyyatlarını konkret olaraq kimlərə qarşı həyata keçirməyi
planlaşdırdığı, azərbaycanlı diplomatlara qarşı terror aktlarını törətməklə
vermək istədiyi mesaj, terror əməliyyatının həyata keçirilməsi planları barədə
kimlərlə məsləhətləşmələr aparması, bu əməllərin reallaşdırılması istiqamətində
konkret olaraq hansı tədbirlər görməsi, bu məqsədlə kimlərə tapşırıqlar verməsi
və buna nə qədər maliyyə vəsaitinin sərf olunması və ya sərf edilməsinin
planlaşdırılması barədə suallar verib.
Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş
sualların heç birini cavablandırmayıb.
Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış cinayət işi üzrə toplanılmış materiallar, o cümlədən cinayət işi üzrə sübut kimi çıxış edən Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı vatsap, "Signal" və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında nümayiş etdirilib.
Məhkəmənin növbəti iclası martın 11-nə təyin olunub.
tag: Azərbaycan, Ermənistan, Ruben, Vardaryan, Məhkəmə, Terror, todaypress.az,