Vardanyanın vəsatəti təmin olunmadı
Siyasət
17.02.2025 20:34
Fevralın 17-də Ermənistan vətəndaşı olan,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın
barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
TodayPress xəbər verir ki, Ruben Vardanyan və
müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.
Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev
və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu
vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub.
Habelə Azərbaycanın cinayət-prosessual qanunvericiliyində hakimə etirazın
konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının
zəruri olmasına dair tələblər təkrarən vurğulanıb.
Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların
müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını
xahiş ediblər.
Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər
etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə
gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış
saxlanılıb.
tag: Ermənistan, Vardaryan, Azərbaycan,Cinayət, Məhkəmə,todaypress.az,