Vardanyanın vəsatəti təmin edildi, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verildi
Siyasət
17.01.2025 22:32
Ermənistan vətəndaşı olan, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını
və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələrlə təqsirləndirilən Ruben Vardanyana cinayət işi ilə tanış olmaq üçün
əlavə vaxt verilib.
TodayPress xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı
Hərbi Məhkəməsinin inzibati binasında keçirilən məhkəmənin hazırlıq iclasında
R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi vəsatət
verib.
Vəsatət cinayət işinin materialları ilə tanış olmaq üçün
təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.
Dövlət ittihamını müdafiə edən prokuror cinayət işi ilə
tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını
məhkəmədən xahiş edib.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə
cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət
qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq
vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə
tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq
üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
tag: Ermənistan, Vardaryan, Məhkəmə, Hərbi, Siyasi,Terrorçu, todaypress.az,