Vardanyanı ömürlük həbs cəzası gözləyir: “Siz 30 illik mənəvi, psixoloji travmanı və zərəri də nəzərə alın” - ŞƏRH

Siyasət

21.12.2024 14:10

Azərbaycan torpaqlarında separatçılıq edən erməni milyarder Ruben Vardanyanın ailəsinin beynəlxalq hüquq müşaviri Jared Genser, onu ömürlük həbs cəzası gözlədiyini açıqlayıb.

Politoloq Natiq Miri bu barədə TodayPress-ə danışarkən bildirib ki, bu sadəcə bir ittiham deyil, bütün Azərbaycan xalqının gözünün qarşısında baş verən cinayətlər kontekstində açılmış bir hüquqi prosedurdur:

“Fakt ondan ibarətdir ki, ortada separatizmə dəstək verərək, Azərbaycan dövlətinə və millətinə qarşı müharibə apara bilmək üçün terrorçu ünsürləri maliyyələşdirmək kimi çox ciddi cinayət əməlləri var. Bununla paralel olaraq bir də bilirsiniz ki, o, Azərbaycan dövlətinə qarşı separatçı rejimdə qondarma bir vəzifə tuturdu. Bundan başqa, onun Azərbaycana qarşı hədələyici tonda, xüsusilə də, Qarabağda yaşayan ermənilərin Azərbaycana qarşı müharibəni davam etdirmək təşviqi, təhriki hadisələrində də iştirakı var. Nəhayət iqtisadi yöndə Azərbaycana vurulan ciddi zərərlər. Azərbaycanın qızıldan tutmuş mis və digər faydalı qazıntıların qanunsuz olaraq istismar olunması, mənimsənilməsi kimi cinayət tərkibli işlər mövcuddur. Bunların fonunda ona ömürlük həbs kimi bir cəzanın verilməsi normaldır”. 

Analitik vurğulayıb ki, Vardanyanın Azərbaycana barmaq silkələyişləri və Qarabağdakı separatçı rejimin ömürlük varlığı ilə bağlı hədələri, boynunu aşacaq bəyanatları heç kimin yadından çıxmayıb. Üstəlik Azərbaycan əsgərinə qarşı törədilmiş onlarla terror hadisələri var ki, bunlarda digər separatçı rejimin rəhbərləri kimi Vardanyan da məsuliyyət daşıyır:  

“Siz 30 illik mənəvi psixoloji travmanı, zərəri də nəzərə alın. Bu xalq, xüsusilə də Qarabağlılar bunu təkcə mənəvi psixoloji deyil, fiziki olaraq hər zaman çiyinlərində daşıyıblar. Hər kəs öz isti yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Bu yöndə ölənlər, öldürülənlər, zülmə, zorakılığa məruz qalanlar, yandırılanlar, gözü çıxarılanlar, əli qolu kəsilənlər var. Ona görə də düşünürəm ki, Azərbaycan xalqına və dövlətçiliyinə vurulan zərərin fonunda ona ömürlük həbs cəzasının verilməsi gözləniləndir”.

Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin general-mayoru, 2020-2022-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikasının müdafiə ordusu" adlandırılan qanunsuz silahlı birləşmədə “komandanın birinci müavini” olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan qaçarkən Laçın rayonu ərazisində tutulub. O, Bakıya gətirilərək istintaqa cəlb edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Günəş Mərd

tag: Ruben Vardanyan,Jared Genser,Həbs,Cəza,Ömürlük,todaypress.az,

photo