Ukraynada Rusiyaya qarşı yeni cəbhə açıla bilər - ABŞ-nin gizli planı nədən ibarətdir? - ŞƏRH
Siyasət
31.10.2024 16:10
“Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada çıxışında Ukrayna qoşunlarının təchizatında problemlər olduğu üçün geri çəkilməsi barədə əmri özünün verdiyini qeyd edib. Həmçinin ABŞ tərəfindən göndərilən hərbi yardımın yalnız 10 faizinin Ukraynaya çatdığını, bunun yetərli olmadığını xüsusi olaraq vurğulayıb. Rusiyanın artan hücumlarının qarşısını almaqda çətinlik çəkən Ukrayna qoşunları sağ qalmaq üçün geri çəkilir. Vaşinqton Ukraynaya Rusiya qoşunlarının durdura biləcək silahlar vermir. Bununla da ABŞ, yalnız öz strateji siyasəti üçün bu müharibədən istifadə edir”.
TodayPress xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “Facebook” hesabında yazıb. Onun sözlərinə görə, hazırda Ukrayna qoşunları Kurskda və Donbasda Rusiya qoşunlarının hücumunun dayandırılmasında ciddi problemlərlə üzləşir.
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynada qələbə əldə etməsinə imkan verməyəcəklərini elan edib. Amma Ukrayna qoşunlarının taqətdən düşməsi və səfərbərlik problemi nizami ordunun komplektləşdirilməsində mənfi təsirləri qaçınılmaz edir:
“Rusiyanın Şimali Koreya hərbiçilərindən istifadə etməsi, Qərblə qarşıdurmada yeni mərhələyə keçib. Şimali Koreya qoşunlarının ilk etabı Kursk döyüşlərinə göndərilib. Həmçinin Donbasa da göndərilməsi istisna deyil. Göründüyü kimi, Rusiya cəbhənin bütün istiqamətlərində təşəbbüsü ələ alıb. Belə bir situasiyada Vladimir Putin Ukrayna ilə danışıqlarda maraqlı deyil. Putinin bir tələbi var. Bu isə Zeleskinin kapitulyasiyaya imza atıb, Ukraynanı Moskvaya verib, çıxıb getməsidir”.
Analitik iddia edir ki, Rusiya qoşunları hücum əməliyyatlarını intensivləşdirib daha da irəliləyiş əldə edərsə, ABŞ hərəkətə keçəcək. Hazırda Ukrayna çətin sınaqlarla üzləşir və görünür Vaşinqton Zelenskiyə ciddi təzyiqlər edir:
“ABŞ-nin Ukrayna siyasəti və lazımi hərbi yardımların edilməməsi, Zelenskinin "Qələbə Planını" qəbul etməməsi, bu ölkəni Rusiyaya qarşı plasdarm kimi istifadə etməsi görüntüsü yaradır. Görünür, ABŞ Rusiyanın strateji cəhətdən zəiflətmək və resurslarını tükətməyi hədəfləyib. Məhz Rusiyanın Şimali Koreyadan 10 mindən artıq hərbiçi gətirməsi, bu ölkənin resurslarınin tükəndiyini, çağırışçı problemi ilə üz-üzə qaldığını göstərir”.
Politoloqun fikrincə, ABŞ, Rusiya-Ukrayna müharibəsinin gələn il də davam etməsində maraqlıdır. Bununla da Rusiyanın hərbi və strateji resurslarını, həmçinin maliyyə rezervlərini getdikcə azaltmağı planlaşdırır. Buna baxmayaraq, Qərb növbəti ildən Rusiyaya qarşı Ukraynada yeni cəbhə aça bilər. Və Moskvanı danışıqlar masasına əyləşdirmək məqsədilə Rusiya ərazisinə zərbə endirmək üçün lazımi silahları verə bilər.
Töhfə Səməd
tag: Rusiya, ABŞ, Ukrayna, Donbas, Kursk, Putin, Zelenski, todaypress.az,
![photo](/uploads/news/6723678c088ab.jpg)