Üç tərəfli görüşə dair Birgə Bəyanat
Siyasət
04.07.2024 22:10
3 iyul 2024-cü il tarixində Azərbaycan
Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb
Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq
Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada
görüşüblər.
TodayPress xəbər verir
ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər,
həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər
müzakirə olunub.
Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində
parlament spikerləri və xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşlərin
həmçinin dövlət başçıları səviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə
arasında əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyət təsdiqlənib.
Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinin
üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün və
sabitliyin möhkəmlənməsinə xidmət edəcəyinə dair razılıq ifadə olunub.
Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq münaqişələrin
həllində müvafiq ölkələr arasında dialoqun prioritetləşdirilməsini dəstəklədiklərini
bildiriblər.
Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın
və bu məsələnin birgə həllinin vacibliyi də bir daha təsdiqlənib.
Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üç ölkədə, yəni
Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək.
tag: XİN, Birgə Bəyanat, Pakistan,Türkiyə, todaypress.az,