Türkiyənin 32 aylıq “F-16” həsrəti: ABŞ vədinə sadiq qalacaq? – AÇIQLAMA

Siyasət

14.06.2024 16:48

Türkiyənin 32 aydır gözlədiyi “F-16” döyüş təyyarələrinin satışında yeni gəlişmə var. Belə ki, ABŞ Dövlət Departamenti Türkiyə ilə “F-16” qırıcılarının alınması ilə bağlı müqavilənin imzalandığı barədə məlumat yayıb. Hazırda razılaşmanın detallarının dəqiqləşdirilməsi istiqamətində danışıqlar aparılır. 

Mövcud vəziyyəti TodayPress-ə şərh edən Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, bu müqavilənin imzalanması Türkiyənin təkidi ilə baş tutub:

"Yaxın və Orta Şərqdə Türkiyənin, türk dünyasının habelə islam dünyasının güclənən mövqeyi ABŞ-də bəzi dairələri narahat edir. Müəyyən qüvvələr var ki, türk dünyasının ayılmasını istəmir. 

Türkiyə “F-16” ilə bağlı məsələdə də geri çəkilmədi, öz mövqeyini ortaya qoydu. Bu cür vəziyyətdə ABŞ Türkiyə ilə “F-16” barədə razılığa gəlməsə idi, yalançı dövlət statusuna keçəcəkdi və heç bir ölkənin ona etibarı olmayacaqdı". 

Politoloqun sözlərinə görə, ABŞ-də hakimiyyəti idarə edən əsas qüvvələr silah satışı ilə məşğul olanlardır. Vaxtı ilə onların müdaxiləsi və təxribatı sayəsində “F-16” ilə bağlı məsələ passiv fazaya keçmişdi. Amma indi vəziyyət fərqlidir. 

"F-16”lar artıq Türkiyəyə veriləcək. Türkiyə özü də kifayət qədər müasir təyyarələr istehsal etməyə başlayıb. Amma burada bir reputasiya məsələsi var idi. Çox şükürlər olsun ki, ciddi qarşıdurma olmadan bu məsələlər həll olundu. Bu Türkiyənin siyasi iradəsinin qələbəsidir".

Günəş Mərd

tag: Türkiyə, Dünya, F-16, ABŞ, Cümşüd Nuriyev, todaypress.az,

photo