Türkiyə ABŞ-ni qıcıqlandırdı: “Alyans iqtisadi hücumu gücləndirəcək” - TƏHLİL
Siyasət
23.10.2024 17:55
“Türkiyə BRICS-ə üzv olsa, bu, NATO-nu qıcıqlandıracaq. Ola bilsin ki, Alyans buna görə Ankaraya qarşı hansısa iqtisadi hücum həyata keçirsin”
Politoloq Əhəd Məmmədli bunu, TodayPress-ə açıqlamasında deyib. Onun sözlərinə görə, iqtisadi hücum NATO-nun köhnə metodudur:
“Amma buna baxmayaraq, Türkiyə NATO-dan çıxarılmayacaq. Çünki Türkiyə Alyansa üzv olanda NATO Türkiyəyə lazım idi. İndi isə bunun əksidir. Türkiyə indi NATO-nun cənub qanadının əsas dövlətdir və NATO-ya lazımdır. Rəsmi Ankara da bunu bilir. Ona görə də əmin addımlarla BRICS-ə doğru addımlayır”.
Analitik hesab edir ki, Türkiyə digər tərəfdən BRICS-ə üzv olmaqla iqtisadi böhrandan, inflyasiyadan çıxmaq istəyir:
“Türkiyə artıq ancaq dolların təsirində olmaq istəmir. Görür ki, dolların təsirində olanda lirənin aqibəti yaxşı olmur. Türkiyə əvvəlcə Amerikanı öz hərbi sistemindən, sonra da siyasətindən çıxartdı, indi də iqtisadiyyatından çıxartmaq istəyir. Bu məqsədlə BRICS-ə üzv olmaq istəyir. Düşünürəm ki, bu doğru addımdır”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “NTV” kanalına Türkiyənin BRICS-ə üzv olmasının mümkünlüyündən danışarkən bildirib ki, NATO-ya üzvlük BRICS-ə üzv olmaq üçün maneə deyil.
Günəş Mərd
tag: Türkiyə, NATO, BRICS, ABŞ, Əhəd Məmmədli, Alyans, todaypress.az,
![photo](/uploads/news/6718f16b43a61.jpg)