Türk dövlətlərinin Kipr səhvi: Türkiyə sərt mövqeyə keçəcək?
“Türkdilli dövlətlər Türkiyəni "işğalçı" elan etdilər deyə münasibətlərdə hansısa formada “çat” yaranmayacaq”.
Siyasi ekspert Azər Həsrət bunu Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanımaları mövzusunu TodayPress-ə danışarkən deyib.
O, bu məsələnin təmkinli yanaşma tələb etdiyini düşünür:
“Türküstandakı türk dövlətləri bu addımı atarkən qardaş Türkiyə ilə məsləhətləşməmiş olmazlar. Hər halda Türkiyənin susqunluğu bunu deməyə əsas verir. Bu hadisədən sonra Türkiyə tərəfi hansısa rəsmi açıqlama verməyib. Bununla bərabər Avropa Birliyi ilə Orta Asiya dövlətlərinin yaxınlaşması əslində bizim üçün də faydalıdır. Ona görə ki, onlar nə qədər çox Rusiya və Çinin təsir dairəsindən azad olar və Avropaya meyillənərsə, bu, bütövlükdə Türk Dövlətləri Təşkilatının daha etibarlı qurum kimi formalaşmasına öz töfhəsini verə bilər. Bu baxımdan düşünürəm ki, təmkinli yanaşmaq lazımdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan qardaş Türkiyəni "işğalçı" elan etdilər deyə münsasibətlərdə hansısa formada “çat” yaranacağını gözləmirik”.
Analitik Orta Asiya Zivəsinin ardından Bakıda keçirilən TÜRKPA-nın toplantısını xatırladıb:
“O toplantıda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkiyə ilə yanaşı Şimali Kipr Türk Respublikasının nümayəndələri də iştirak etdi. Masanın üzərində onların da bayrağı var idi və heç bir narahatlıq yox idi. Bu, əslində mesajdır ki, qardaş türk dövlətləri Şimali Kipr Türk Respublikasını heç də “ayağa vermək” fikrində deyillər. Sadəcə indiki proseslər belə tələb edir”.
Qeyd edək ki, Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə "işğalçı güc" olaraq rəsmən tanıyıblar.
Bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yunanıstan rəhbərliyini tanıyaraq, ora səfir təyin etmələrinin əks-sədasının davam etməsi fonunda baş verib.
Qiymət Mahir
tag: Azər Həsrət,Politoloq,Türkiyə,TDT,Kipr,Todaypress.az,
