Tural İsmayılov: “Amerika səfirliyi özünü diletant formada aparır”
Siyasət
25.12.2024 17:55
"Amerika səfirliyi doğrudan da diplomatik etiket normalarının qayda qanunlarını bilmir və özünü diletant formada aparır".
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Tural İsmayılov deyib.
Analitik diqqətə çatdırıb ki, müvafiq paylaşımla bağlı o, artıq öz “X” sosial media hesabında səfirliyə etirazını bildirib:
“Hesab edirəm ki, bir ölkənin səfirliyinin başqa bir ölkədə fəaliyyət göstərməsinə zəmin yaradan həm milli qanunvericiliklər, həm də beynəlxalq diplomatik qayda, qanunlar və protokollar mövcuddur. Amma son dövrlər ABŞ-nin ölkəmizdəki səfirliyi özünü bu məsələlərdən bixəbər kimi aparır. Bu gün ABŞ səfirliyinin sanki radikal müxalifətin bir qanadıymış kimi sosial mediada Azərbaycan dövlət televiziyasına və "Həftə" verilişinə qarşı apardığı kampaniyanın heç bir real, ağıllı açıqlaması ola bilməz”.
Onun sözlərinə görə, səfirliklər digər bir ölkədə fəaliyyət göstərərkən, o ölkədəki hansısa radikal siyasi qanadların leksikonunu özünün rəsmi hesablarında paylaşım halına gətirməməlidir:
“Fikrincə bu situasiya qısa bir müddətdə müsbət bir məcraya doğru dəyişməyəcək. Hesab edirəm ki, Azərbaycanla ABŞ arasında özəlliklə Baydenin hakimiyyəti dövründə münasibətlər kifayət qədər zədələnib. Bunun da əsas günahkarı məhz ABŞ özüdür. Ağ Ev bütün dünyada özünün siyasi nüfuszunu və çəkisini itirmiş bir vəziyyətdədir. Ümid edirik ki, Donald Trampın hakimiyyəti dövründə ABŞ-nin konsulluqları və səfirlikləri daha adekvat və diplomatik dilə uyğun açıqlamalar verməyi bacaracaqlar”
Qeyd edək ki, səfirliyin son statusunda yazılmışdı ki, guya ölkəmizdə insan hüquqları və azadlıqları tapdalanır, 300-dən çox siyasi məhbus var.
Töhfə Səməd
tag: Səfirlik, Amerika, Ağ Ev, Tramp, Tural ismayılov, todaypress.az,