Trampın təklifinə RƏY: “Nüvə ölkələri bir-birinə zamanət verməlidirlər”

Siyasət

17.02.2025 18:40

1369

“ABŞ prezidenti Donald Tramp hərbi büdcələrin 50 faiz azaldılması təklifində bir qədər haqlıdır. Çünki son illərdə dünyada silahlanma ilə bağlı xərclər durmadan artır”.

Politoloq Rəşad Bayramov bu barədə TodayPress-ə danışarkən deyib.

Analitikin sözlərinə görə, bir sıra hallarda silahlanma ilə bağlı danışılarkən yanlış olaraq söhbətin təkcə Rusiya və Çindən getdiyi başa düşülür. Amma Tramp hərbi büdcəni və nüvə arsenalını azaltmaq dedikdə,  həm də ABŞ-ni nəzərdə tutur:       

“Rusiya və Çinin müdafiə xərclərini yarıya endirəcəyinə ümid etdiyini ifadə edən Tramp, “Biz hamımız müdafiəyə çoxlu pul xərcləyirik, halbuki, onu daha məhsuldar olacaq başqa şeylərə xərcləyə bilərik” deməklə söhbətin həm də ABŞ-dən getdiyini vurğulamış olur. Əslində Tramp bir tərəfdən haqlıdır. Həqiqətən də, son illərdə dünyada silahlanma ilə bağlı xərclər durmadan artır. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2024-cü ildə Rusiyanın ümumi müdafiə xərcləri real ifadədə 42% artaraq 13,1 trilyon rubl, yəni təqribən 462 milyard dollar təşkil edib. 2025-ci ildə isə bu xərclərin daha 13,7% artaraq ÜDM-nin 7,5%-nə və ya Rusiya federal xərclərinin təxminən 40%-nə çatacağı proqnozlaşdırılır. Müqayisə üçün deyim ki, Böyük Britaniya və Avropa İttifaqının birgə müdafiə xərcləri keçən il təxminən 12% artaraq 457 milyard dollara çatıb ki, bu da Rusiyanın xərclərindən 5 milyard dollar azdır”.    

R.Bayramov nüvə arsenalının genişləndirilməsi ilə bağlı vəziyyətin də eyni olduğunu vurğulayıb: 

“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun nüvə silahları ilə bağlı hesabatına görə doqquz nüvə dövləti – ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya – öz arsenallarını genişləndiriblər və nüvə silahlarının sayını artırıblar. Həmin hesabata görə Rusiya və ABŞ dünyadakı bütün nüvə silahlarının demək olar ki, 90%-nə sahibdirlər. Eyni zamanda, Çin öz nüvə arsenalını digər ölkələrlə müqayisədə daha sürətlə genişləndirir. 2023-cü ilin yanvarından 2024-cü ilin yanvarına qədər Çin nüvə qüvvələrini əhəmiyyətli dərəcədə artıraraq, 410-dan 500 döyüş başlığına çatdırıb”. 

Analitik hesab edir ki, bütün bunları nəzərə aldıqda Trampın təklifi ağlabatan görünür, amma bunun üçün təkcə ABŞ, Rusiya və Çinin öz xərclərini azaltması və ya yeni nüvə silahlarının istehsalını dayandırması azdır. Eyni zamanda sürətli şəkildə silahlanma yolu tutan Qərb dövlətlərinin, eləcə də nüvə ölkələrinin də hər birinin müvafiq öhdəlik götürməsi, bir-birinə zamanət vermələri lazımdır. 

Qiymət Mahir

tag: ABŞ,Tramp,Hərbi büdcə,Rusiya,Çİn,todaypress.az,

photo