Trampın NATO açıqlamasına sözardı: “ABŞ NATO-nu hərbi alətə çevirib” – ŞƏRH
Siyasət
28.01.2025 17:29
“Müasir dövrdə birqütblü dünya və qüvvə doktrinasını icra edən ABŞ NATO-nu öz xarici siyasətində hərbi alətə çevirib”.
Politoloq Amid Əliyev bunu hazırkı ABŞ-NATO münasibətlərini TodayPress-ə şərh edərkən bildirib. O hesab edir ki, işğal xarakterli xarici siyasətin həyata keçirilməsi ruhuna uyğun olaraq selektiv yanaşma sərgiləməsində ABŞ məhz bu siyasi-hərbi təşkilatı istifadə edir:
“İraq, Əfqanıstan, Liviya və digər ölkələrdə ABŞ-nin pərdələnmiş siyasəti məhz NATO vasitəsilə dəstəklənir. Son olaraq isə Ukrayna hərbi kompaniyası zamanı ABŞ başda olmaqla NATO vasitəsilə silahların təmin edilməsi və siyasi məzmunlu bəyanatların səslənməsinin şahidi olduq. Alyans ABŞ üçün olduqca vacibdir. Ona görə ki, Avropanın bəzi dövlətlərini və Rusiyanı tətikdə saxlamaq lazımdır. Həm də silah təminatından əldə edilən vəsaiti digər məqsədlərə sərf etmək üçün bu təşkilat əvəzedilməzdir”.
Analitik qeyd edib ki, indiki məqamda ABŞ-nin NATO-dan çıxması və ya təşkilata yardım etməkdən boyun qaçırması elə də real görünmür:
“Hələ ki, Ukrayna müharibəsi bitməyib və bir sıra regionlarda ABŞ-nin güc mövqeyindən mövcudluğu bu təşkilatla birbaşa bağlıdır. ABŞ prezidenti Donald Trampın əvvəlki və indiki dövrdə də NATO ilə bağlı verdiyi bəyanatlar ya siyasi məqsədləri pərdələmək, ya da silah təminatında müəyyən qaydaların tətbiq edilməsinə yönəlib. Lakin ehitamal ki, təşkilat hələ uzun müddət ABŞ-yə lazım olacaq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının ehtiyaclarına Amerika büdcəsindən istənilən vəsaitin xərclənməsinin zəruriliyini şübhə altına alıb. Belə ki, andiçmə mərasimindən sonra Ağ Evdə jurnalistlərə danışan ABŞ lideri deyib ki, amerikalıları müdafiə edən NATO deyil, alyansı qoruyan ABŞ-dir. Ona görə də, o, Amerikanın NATO-ya pul ödəməli olduğunu düşünmür. Xatırladaq ki, Trampın NATO-ya münasibəti onun hələ birinci prezidentlik dönəmindən məlumdur. O, dəfələrlə ABŞ-nin NATO-nu tərk edəcəyini bəyan edib.
Töhfə Səməd
tag: ABŞ,NATO,Tramp,Alyans,Ukrayna,Amid Əliyev,Todaypress.az,