Tramp tamam yoxsa, davam deyəcək? - Politoloq ŞƏRHİ
Siyasət
14.07.2024 17:38
“Tramp geri addım atmayacaq, əksinə öz seçki kompaniyasını daha da genişləndirəcək”.
Bunu Politoloq Ramiz Alıyev ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinq zamanı hücuma məruz qalmasını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasında əsas namizəd Trampa qarşı sui-qəsdin təşkil olunması hazırkı ABŞ hökuməti adına olduqca xoşagəlməz haldır:
“Bunu terror aktı kimi qiymətləndirmək lazımdır. Dünyaya demokratiya dərsi keçən, seçki proseslərini düzgün formada aparılmasını təşviq etməyə çalışan, dünya ölkələrini siyasi partiyalarına loyal yanaşmağa səsləyən hegemon güc olan ABŞ-də prezidentliyə ən real namizədlərdən olan Trampa qarşı sui-qəsdin təşkil olunması ABŞ hökümətinin imicinə böyük zərbə vuracaq. Bu seçkinin nəticələrinə də böyük təsir göstərəcək. Çünki insanlar Bayden höküməti tərəfindən açıq-aşkar Trampa qarşı olan təzyiqləri görür.
Bayden höküməti hər vəchlə Trampın qarşısını almağa çalışır. Bunu bacarmadıqda isə onun seçki kampaniyasına süni maneələr yaradır. Nəticədə belə sui-qəsdçilər peyda olur. Artıq Trampı ölümlə qorxutmağa cəhd edirlər. Hesab edirəm ki, zəif siyasətçilər belə sui-qəsdlərdən sonra geri addım atırlar. Hətta seçki kampaniyalarında qalmır, öz namizədliyini geri götürürlər. Hesab etmirəm ki, Tramp bu yolu seçib geri addım atacaq. Buna inanmıram. Çünki Tramp uzun illərdir böyük siyasətlə məşğuldur. O, hətta bu cür addımları öz lehinə çevirə biləcək siyasi biliyə, siyasi gücə malikdir”.
Siyasi şərhçi qeyd edib ki, belə bir sui-qəsd yanlış olaraq Donald Trampın qorxaraq geri çəkilməsinə hesablanıb:
“Tramp bundan daha məharətlə istifadə edərək öz seçki komaniyasını daha geniş formada aparacaq və ətrafına daha çox tərəfdar yığa biləcək. ABŞ vətəndaşları, seçicilər Trampın yanında olacaqlar. ABŞ mətbuatını və sosial şəbəkələrini izlədikdə bunu daha aydın görə bilirik. Bu, Baydenin nüfuzuna daha da ciddi zərər vuracaq”.
Günəş Mərd
tag: Tramp, Bayden, ABŞ, todaypress.az,sui-qəsd,
![photo](/uploads/news/6694d7a0a978b.png)