Təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirildi
Siyasət
27.01.2025 22:50
Ermənistan vətəndaşı olan, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını
və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq
iclası yanvarın 27-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Məhkəmə Kompleksində
yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxs rus dilində tərcüməçi, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Məhkəmə hazırlıq iclasında zərərçəkmişlərin, onların
hüquqi varislərinin bir hissəsi və onların müdafiəçiləri də iştirak ediblər.
Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin
vəsatətlərinə baxılıb.
Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət
işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli
hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib.
“Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq
istəyirəm”, - deyə o əlavə edib.
R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə
tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin
öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı
yaradılmasını xahiş edib.
Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət
bildirib.
Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət
prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər iş materialları
ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə
təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq
üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının
müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.
Daha sonra dövlət ittihamını müdafiə edən digər prokuror
çıxış edərək vurğulayıb ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin
müdafiə hüququ pozulmayıb, ittiham aktı Azərbaycan Respublikasının
cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilib, məhkəmə
aidiyyəti qaydalarına riayət olunub.
Nəticədə prokuror təsirləndirilən şəxsin ittiham olunduğu
maddələr üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini, habelə
təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin
dəyişdirilmədən saxlanılmasını təklif edib.
R.Vardanyanın vəkili isə cinayət işinin hazırkı mərhələdə
baxışa verilməsinə etiraz edib, əlavə vaxt verilməsi üçün hazırlıq iclasının təxirə
salınmasını xahiş edib.
Sonra məhkəmə vəsatətlərə münasibət bildirmək üçün
müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, R.Vardanyanın cinayət işi materialları ilə
tanış olmaq üçün əlavə vaxt verilməsi ilə bağlı və digər vəsatətləri təmin
edilməyib.
Hakim qeyd edib ki, ibtidai istintaq yekunlaşdıqdan sonra
təqsirləndirilən şəxsə iş materialları ilə tanış olmaq üçün vaxt verilib, daha
sonra isə məhkəmə hazırlıq iclasının ilkin mərhələsində təqsirləndirilən şəxsə
iş materialları ilə daha ətraflı tanış olmaq üçün əlavə vaxt verilib. Məhkəmə
həmin müddətləri yetərli hesab etdiyindən vəsatəti təmin etməyib. Habelə
təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirini dəyişmədən
saxlayıb.
Cinayət işi məhkəmə baxışına verilib və məhkəmənin
növbəti iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq),
115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci
(Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər
maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Daha sonra Ermənistan dövləti və onun silahlı qüvvələri,
o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş
ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz
silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi
soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə
hazırlıq iclası davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi
Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar
Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər
erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq
şəxsin bir qismi, habelə onların nümayəndələri iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik
Qazaryanın, Araik Harutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon
Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış
edərək, yeni vəsatətlər təqdim ediblər.
Müdafiəçilər verilmiş ittihamların bir qisminin
təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin
hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini
müdafiə ediblər.
A.Harutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına
əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.
İttiham tərəfi həmin sənədin sübutlar siyahısına əlavə
edilməsinə etiraz etməyib, lakin qeyd olunan sənədin mötəbərliyinin məhkəmə
istintaqının gedişində tədqiq olunacağını bildirib.
Dövlət ittihamını müdafiə edən prokurorlar
təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə hissəvi xitam verilməsinə
dair vəsatətlərin təmin olunmamasını xahiş edib.
Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri də çıxış
edərək, ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində
iştirak edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək,
vəsatətlərin təmin olunmamasını xahiş edib.
Sonra prokuror çıxış edərək cinayət işi üzrə məhkəmə
aidiyyəti qaydalarına riayət olunduğunu, prosessual sənədlərin tərtibatında
səhvə yol verilmədiyini, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin
edildiyini, onların barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün
əsasların olmadığını bildirib və məhkəmə baxışının təyin olunmasını təklif
edib.
Məhkəmə verilən vəsatətlərə münasibət bildirmək üçün
müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə tərkibi müdafiə tərəfinin
ötən məhkəmə prosesində və hazırkı iclasda qaldırdığı vəsatətlər barədə qərarı
elan edib.
Qərara əsasən, müdafiə tərəfinin bəzi təqsirləndirilən
şəxslərin ev dustaqlığına buraxılması və cinayət işinə bəzi epizodlarda hissəvi
xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib.
A.Harutyunyanın təqdim etdiyi sənəd iş materiallarına
əlavə olunub.
Həmçinin məhkəmənin qərarı ilə cinayət işi məhkəmə
baxışına verilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri
dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı
qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ
respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən
cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David
Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili
İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen
Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik
Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Vardaryan,Erməni, Məhkəmə, Azərbaycan, Ermənistan, Ruben, todaypress.az,