Təmiz Enerji Mərkəzi və İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq
“Azərbaycanda Təmiz Enerji Mərkəzi və İqtisadi Tədqiqat Mərkəzi yaradılacaq. Hazırda bu istiqamətdə yekun işlər görülür".
TodayPress xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsi rəisinin müavini Rövşən Mirzəyev aprelin 24-də “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və Perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son illərdə İƏT-in regional mərkəzlərinin yaradılmasında Azərbaycanın da xüsusi rolu var. İran və Türkiyədə bu təşkilatın tərkibində fəaliyyət göstərən bir sıra mərkəzlər mövcuddur. Rəis müavini diqqətə çatdırıb ki, təşkilatda Azərbaycan üçün ən vacib məqam həm nəqliyyat, həm də enerji daşıyıcıları sahəsindəki prioritetlərdir.
“İƏT-in əsas sənədlərindən biri "ECOTA" (Ticarət Sazişi) adlanır. Bəllidir ki, İranın geosiyasi cəhətdən sanksiyalar qarşısında olması təşkilatın dünya miqyasında inkişafına maneə yaradır. Bu, özünü həm üzvlük haqlarının ödənilməsi, həm də təşkilatın beynəlxalq layihələrdə iştirakında özünü göstərir. İran da bu təşkilatın işində vacib rol oynayır".
Töhfə Səməd
tag: İƏT,Rövşən Mirzəyev,XİN,Üzv,Todaypress.az,