Tbilisidə hakimiyyət dəyişikliyi gözlənilir? - Seçki qabağı GƏRGİN MÜBARİZƏ - RƏY
Siyasət
22.08.2024 10:49
“Qərb əlində olan bütün mümkün vasitələrlə Gürcüstanda hakimiyyət dəyişikliyi etməyə çalışır”.
Politoloq Zeynal Əmrəliyev bunu, TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan iqtidarı bütün resusurslardan istifadə etməklə, müxalifətin parlament seçkilərində məğlub olmasına səy göstərir:
“Bu yaxında iqtidar “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından maraqlı açıqlama gəldi. Bildirdilər ki, seçkilərdə yenidən qalib gəlsələr, Mixeil Saakaşvilinin başında durduğu "Vahid Milli Hərəkat" partiyasının fəaliyyətini qadağan edəcəklər. İddia edirlər ki, Qərblə geniş şəkildə əlaqələri olan bu partiya ölkədə təxribatçılıqla məşğul olub. Bu bir daha Gürcütanda siyasi vəziyyətin gələcəkdə çox kəskin olacağını göstərir”.
Analitik qeyd edib ki, hazırda Gürcüstanda seçki qarşıdurması pik həddə çatıb. İqtidar seçkilərdə qalib gəlsə və müxalifət buna etiraz etsə şübhəsiz ki, Qərb ölkələri müxalifəti müdafiə edəcəklər. Seçkilərin nəticələrini tanımayacaqlar. Eyni zamanda əllərində olan bütün mümkün vasitələrlə hazırkı hökuməti devirməyə çalışacaqlar:
“Onlar hər bir vasitə ilə Gürcüstanda qərbyönümlü hökumət qurmağa çalışacaqlar. Qərb onsuzda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul olunmasından sonra açıq şəkildə Gürcüstanın Qərbdən uzaqlaşdığını bildirmişdi. Bunun üçün də indi müəyyən addımlar atır. Hazırda Gürcüstanda iqtidar və müxalifət arasında qarşılıqlı şəkildə ciddi ittihamlar var. Seçkilərdən sonra Gürcüstanda baş verən hadisələr çox kəskin bir xarakter alacaq və demək olar ki, Tbilisidə hakimiyyət dəyişikliyinə belə gətirib çıxara biləcək”.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.
Günəş Mərd
tag: Tbilisi, Gürcüstan, Seçkilər,Demokratik Gürcüstan,“Gürcü Arzusu, todaypress.az,