Tarixə düşəcək parlament seçkiləri: Bütöv Azərbaycanda ilk dəfə
Siyasət
29.06.2024 18:10
“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkilərinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik”.
TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcək:
“Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq. Yerli müşahidəçilər də MSK-ya müraciət edə bilərlər. Hər hansı konkret seçki dairəsinin hüdudlarında seçkini müşahidə etmək üçün həmin dairənin seçki komissiyasına müraciət edilməlidir. Kim müraciət edirsə, hamısına şərait yaratmağı tapşırmışıq”.
MSK sədri, həmçinin qeyd edib ki, budəfəki parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində keçirildiyi üçün tarixə düşəcək:
“Bu tarixi seçkidir. Məntəqələrin sayı bir az çox olacaq. Bu, təbiidir. Hazırda azad edilmiş ərazilərdə məskunlaşma sürətlə davam edir, insanlar öz torpaqlarına qayıdır. Bu baxımdan Milli Məclisə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək. Bizim fəaliyyətimiz çox böyük standartlarla həyata keçirilməlidir. Fəaliyyətimizdə birinci maarifləndirmə məsələsidir”.
tag: Azərbaycan, Parlament, ATƏT, Demokratik, MSK, sƏDR, todaypress.az,