Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü başladı, İlham Əliyev toplantıda çıxış etdi - YENİLƏNDİ
Siyasət
06.07.2024 13:47
İyulun 6-da Şuşada
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü
keçirilib.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti
Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev,
Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti
Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk
Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə
iştirak ediblər.
Dövlət başçısı tədbirdə çıxış edib:
-Hörmətli dövlət və
hökumət başçıları.
Əziz dostlar.
Mən sizin hamınızı
ürəkdən salamlayıram, Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!”.
Türk Dövlətləri Təşkilatının
ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz
və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm.
Türk ölkələri ilə əlaqələrin
genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk
dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması,
qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.
Türk Dövlətləri Təşkilatı
dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı
əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi
potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii
resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı,
Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin
və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi
dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.
XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Keçən il sentyabrın
20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra
Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.
Qarabağın tacı Şuşa
şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən
biri olmuşdur.
Şuşanın 1992-ci ilin
mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi
idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal
altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.
2020-ci ildə 44
günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər
və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan
kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ
müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi
qeyd edilir.
Sərəncamımla 2021-ci
ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli
xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar
2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri
2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə
2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.
Qardaşım Rəcəb
Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan
Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.
Bu gün Qarabağ Bəyannaməsi
də Şuşada imzalanacaq.
Hörmətli həmkarlar,
bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan
işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir.
İndi isə bu torpaqlara həyat qayıdır.
“Böyük Qayıdış”
Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi
köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin
sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.
Türk dövlətlərinin rəhbərlərinin
azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə
Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan
prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər
etmişlər.
Fürsətdən istifadə
edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də
tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir
daha təşəkkürümü bildirirəm.
Əziz dostlar, hesab
edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə
nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə,
Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait
köçürmüşdür.
Şərq-Qərb nəqliyyat
dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.
Orta Dəhlizin
ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma
qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona
çatdırılıb.
Xəzər dənizində 50-dən
çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri
göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma
zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında
istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15
milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Bu ilin may ayında
İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin
daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond
vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır.
Enerji sahəsində
strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi
sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.
Xəzər dənizi vasitəsilə
Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya
marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən
biridir.
Bildiyiniz kimi, bu
il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək
sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin
Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük
etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə
dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə
etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.
Əminəm ki, bu gün
imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini
və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
***
Sonra digər dövlət və
hökumət başçıları çıxış ediblər.
***
12.23
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.
TodayPress-in
verdiyi xəbərə görə, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak
edib.
Dövlət başçısı
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
Prezident İlham
Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.
Azərbaycan liderinin
təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti
Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet
Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.
tag: Prezident,İlham Əliyev, Şuşa,Zirvə Görüşü, TDT, todaypress.az,