Şuşada II Qlobal Media Forumu keçiriləcək
Siyasət
19.07.2024 22:10
Şuşada iyulun 20-22-də II
Qlobal Media Forumu keçiriləcək.
TodayPress xəbər verir
ki, forumun mövzusu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı
mübarizə" olacaq.
Forum çərçivəsində "Təsirin
qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək",
"Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər",
"Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media
savadlılığının təşviqi" və "İqlim hərəkatı və media"
mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif
ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri,
beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə
mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində
iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa
və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Qeyd edək ki, 50-ə yaxın ölkədən
150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya
agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum
iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Xatırladaq ki, I Şuşa Qlobal
Media Forumu ötən il iyulun 21-23-də keçirilib. "4-cü Sənaye inqilabı
dövründə yeni media" mövzusunda I Media Forumunun açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
tag: Şuşa, Qlobal, Media Forumu, COP29, todaypress.az,