Sülh sazişi 9 mayda imzalanacaq? - AÇIQLAMA
“Sülh üçün bütün fürsətləri dəyərləndirmək lazımdır, lakin mayın 9-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilmir”.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən deyib.
O diqqətə çatdırıb ki, mayın 9-da Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvada keçiriləcək beynəlxalq səviyyəli tədbirdə bütün diqqət məhz həmin hadisə üzərində cəmlənəcək. Burada dünyanın bir çox dövlətlərindən olan liderlər, xadimlər iştirak edəcəklər. O cümlədən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da orada olacaqlar.
“Ola bilsin ki, tərəflər arasında qeyri-rəsmi formada görüşlər baş tutsun. Bundan əvvəl də müxtəlif platformalarda eyni mahiyyətli görüşlər olub, təcrübədə bu var. Amma Ermənistan Baş naziri bu görüşlərdən nəticə çıxararaq konstruktiv mövqe nümayiş etdirmir".
Analitikin fikrincə, ümumiyyətlə, Azərbaycan hazırda sülh prossesində tələsmir. Çünki Ermənistan hələ də avantürist addımlar atır. Həm də sülhü imzalamaq kimi planı yoxdur. Sadəcə kənar qüvvələrin tapşırığı ilə sülh oyunu oynayıb, özlərini hazır kimi göstərirlər. Lakin həqiqət bunun tam əksidir.
"Rəsmi İrəvan sülhə hazırlaşsaydı, silahlanmaz, bölgəyə mülki missiya adı altında Qərb qüvvələrini cəlb etməzdi. Bu da Ermənistanın planının fərqli olduğunu göstərir. Belə ki, İrəvan qərar verməkdə acizdir, müstəqil deyil. Əvəzində isə pərdəarxası qüvvələr qərar verir və çalışırlar ki, bölgədə sabitlik olmasın. Həmçinin Nikol Paşinyan da erməni xalqının yox, məhz həmin qüvvələrin, xüsusilə də Fransanın maraqlarına uyğun davranır. Bu da, təbii ki, Cənubi Qafqazda stabilliyi pozur".
İnstitut rəhbəri son nəticə olaraq bildirib ki, Ermənistanın bütün revanşist addımlarına baxmayaraq, Cənubi Qafqazda sabitliyin yaranması üçün dövlət rəsmilərinin tez-tez görüşməsi ümumi işin xeyrinədir.
Qeyd edək ki, mayın 9-da Moskvada Qələbənin 80-ci ildönümünün qeyd olunması çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir.
Töhfə Səməd
tag: Azad Məsiyev,Politoloq,Azərbaycan,Ermənistan,Sülh,Müqavilə,Todaypress.az,
