Şimali Makedoniya prezidentinin Bakı səfəri: "Bu, ölkələr arasındakı münasibətləri daha da dərinləşdirəcək" – ŞƏRH
"Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək".
TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.
O diqqətə çatdırıb ki, artıq ölkələr energetika sahəsində əməkdaşlığa başlayıb.
"Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıb və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur. Şimali Makedoniya həm də Avropa ölkəsidir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Rəsmi Bakının Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb".
Millət vəkili xatırladıb ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.
"Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu artırır. Bu isə Şimali Makedoniya da daxil olmaqla, tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir" deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, martın 10-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfərə gəlib.
Martın 11-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. Liderlər mətbuata bəyanatlarla çıxış ediblər.
Görüş zamanı ölkə başçıları sosial, elmi, iqtisadi və energetika sahəsindəki əməkdaşlıqların artırılması və yeni əməkdaşlıqların yaradılması ilə bağlı danışıqlar aparıblar.
Töhfə Səməd
tag: Vüqar Bayramov,Deputat,Facebook,Açıqlama,Todaypress.az,
