Sergey Lavrov Ceyhun Bayramova zəng etdi
Siyasət
28.12.2024 21:33
28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının və
Rusiya Federasiyasının Prezidentlərinin telefon danışığının davamı olaraq,
xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər
naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.
XİN-dən TodayPress-ə
verilən məlumata görə telefon danışığı
zamanı, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 25 dekabr
tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava
Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə
bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı
diləklərini çatdırıb.
Nazir Ceyhun
Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa
diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin
olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki
xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini
vurğulayıb.
Nazir, ən qısa
müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın
səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması,
qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan
olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin
diqqətinə çatdırıb.
Bununla yanaşı,
başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi
qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.
tag: Ceyhun Bayramov, XİN, Sergey Lavrov, Aktau, Təyyarə, todaypress.az,