Seçkilər başa çatdı: Fransa qərəzli siyasətinə dəyişiklik edəcək? – POLİTOLOQ ŞƏRHİ
Siyasət
08.07.2024 14:19
"Yeni Xalq Cəbhəsi" solçu alyansı Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə qalib gələrək 182 yer qazanıb. Parlamentdə çoxluq təşkil edən partiyanın bundan sonra hansı addımlar atacağı isə hələ ki, sual altındadır.
Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Fransada sağçı qüvvələrə meyillilik ilk dəfə deyil ki, baş verir. Onun sözlərinə görə, hazırda tarix təkrarlanır:
“İndi Fransada sağçılığa doğru böyük bir meyl var. Solçular və digər qüvvələr faktiki olaraq hakimiyyətə gələndə bir sıra vədlər verdilər. Lakin onları icra etmədilər. İnsanların tələb və gözləntiləri nəzərə alınmadı. Bu da cəmiyyətdə etirazlara səbəb oldu. Bu gün “meydan”da olan həmin qüvvələrin hamısı sosial təminat mexanizmlərinə etinadsız yanaşırlar”.
Politoloqun fikrincə, Fransa özünü Avropa İttifaqına üzv olan ən mötəbər məmləkət hesab edir. Ona görə də çalışır ki, öz ambisiyalarını reallaşdırsın. Hazırda Makron administrasiyasının siyasi portreti olduqca zəifdir. Buna görə də itirə-itirə gedir:
“Fransada təkcə cəmiyyətdə deyil, həm də siyasi dairələrdə böyük bir erməni sevdası var. Bunun isə əsas səbəbi, orada çoxlu maliyyə gücünə sahib erməni diasporunun olmasıdır. Ona görə də hər seçki kompaniyasında vacib fiqura çevirilən ermənilərin səslərindən istifadə etmək istəyənlərin sayı çox olur. Bu baxımdan Azərbaycanla bağlı heç bir müsbət gözləntim yoxdur. Həm sağçılar, həm də orada olan erməni lobbiçiləri Türk dünyasına qarşı olan quruplardır. İnanmıram ki, hər hansısa bir qurup hakimiyyətə gəlib, həmin bu vəziyyəti dəyişə bilsin”.
Qeyd edək ki, Fransa lideri Emmanuel Makron prezident koalisiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər təyin edib. İlkin nəticələrə görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə ən çox mandata malik ittifaq olub. İkinci yerdə Makronun “Hamımız Respublika Naminə” ittifaqı, birinci turun qalibi olan radikal sağçı “Milli Birlik” alyansı isə üçüncü yerdə qərarlaşıb.
Töhfə Səməd
tag: Tofiq Abbasov, Yeni Xalq Cəbhəsi, Fransa, Avropa, Cəmiyyət, todaypress.az,