Rusiyanın siyasi manevri Türkiyəyə nə qazandıracaq? - Yaxın Şərqdəki böhran Ramiz Yunusun ŞƏRHİNDƏ
Siyasət
05.08.2024 14:40
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Hərarət pik həddə çatıb. Bunun fonunda Suriya-Türkiyə-Rusiya münasibətlərində istiləşmə müşahidə edilir. Gedişat Putinin Ankara ilə Dəməşq arasında vasitəçi olmaq istədiyini göstərir.
Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Ramiz Yunus, Rusiya-Türkiyə münasibətlərinin tarixindən söz açdı. O, qeyd etdi ki, 2015-ci ildə məlum hadisədən sonra (Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsində ölkənin hava məkanını pozan Rusiyaya məxsus “Su-24" qırıcı təyyarəsi vurulmuşdu) əsəblər tarıma çəkilmişdi. 6 ay ərzində onlar Suriya və Liviyada qarşı-qarşıya gəldilər. Amma bir müddət sonra münasiblət normallaşmağa başladı, yol xəritəsi və ya qırmızı xətlər çəkib, ortaq maraqlara doğru hərəkət edildi. Ramiz Yunus əlavə etdi ki, hazırda Ankara və Moskva bu ortaq maraqlar çərçivəsində həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərdən fəaliyyət göstərirlər:
“S-400 məsələsini yada salmaq istəyərdim. NATO-nun aparıcı qüvvəsi olan Türkiyə Amerika tərəfindən “Patriot” almaq əvəzinə, gedib ABŞ-nin rəqibi olan Rusiyadan silah aldı. Bu, əlbəttə ki, narazılıqlara səbəb oldu. Amma yenə də unutmamalıyıq ki, bu siyasətdir. Bu gün Türkiyə-Amerika münasibətləri yaxşılığa doğru gedir. Çünki Türkiyədə seçkilərdən sonra yenə eyni prezident hakimiyyətdə qaldı, konqres isə 23 milyardlıq F16 kontraktına yaşıl işıq yandırmağa məcbur oldu. Bu tamamilə siyasətin bir parçasıdır”.
Analitikin qənaətincə, əsas məsələ maraqların üst-üstə düşməsidir. Hazırda Rusiya da istəyir ki, regionun müsəlman cəmiyyətinin aparıcı ölkəsi olan Türkiyə ilə münasibətləri yaxşı səviyyədə olsun:
“Bu gün Bəşər Əsədin arxasında Moskva durur. Amma Türkiyənin orada öz marağı var. Moskva da hələ ki, öz əlini regionun üzərində tutur. Türkiyə gec-tez dil tapmasa, deməli güc tətbiq ediləcək. Rusiya bunu çox yaxşı başa düşür. Lakin bu gün nə türklər, nə də ruslar bunu istəmir. Ortaq məxrəcə gəlmək mümkündürsə, niyə də olmasın. Bu gün Rusiyaya əlavə döyüş cəbhəsi açmaq lazım deyil”.
Politoloqun sözlərinə görə, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizi, Türkiyənin Cənubi Qafqazda önəmi, fəaliyyəti, Azərbaycanla olan münasibətləri, Şuşa bəyannaməsi və s. bütün bunların fərqindədir.
“200 il öncə qanımızı içənlər, 30 il əvvəl İranla birləşib Azərbaycanı bölənlər indi özlərini “quzu” kimi göstərməyə çalışırlar. Nə şimalda olan, nə də Cənubda olan qonşumuz bizə qarşı “quzu” deyil. Bu oyundur. Biz unutmamalıyıq ki, bu “quzu” bir gün yenə də “ayı” ola bilər və özlərini elə apara bilərlər” deyə o, əlavə edib.
Ramiz Yunus hesab edir ki, Türkiyə Suriyada istədiyinə nail olacaq. Çünki Qərblə münasibəti pis olan Rusiya, regionda söz sahibi olan ölkə ilə dostluq etmək niyyətindədir. Əlbəttə ki, bu gün regionda söz sahibi olan da məhz Türkiyədir.
Töhfə Səməd
tag: Rusiya, Türkiyə, Suriya, Qərb, Azərbaycan, Ramiz Yunus,todaypress.az,