“Rusiyanın sivil dünyaya inteqrasiyası mümkün deyil” - Ramiz Yunus səbəbləri AÇIQLADI

Siyasət

08.05.2025 16:13

37

“Qərb və Rusiya İkinci Dünya müharibəsinə fərqli prizmadan baxır. Rusiya hələ də tarixi prosesləri obyektiv qiymətləndirə bilmir”. 

TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.   

O diqqətə çatdırıb ki, İkinci Dünya müharibəsinin başa çatmasının növbəti ildönümü yaxınlaşdıqca, bu qələbə günü Qərb ölkələrində, ABŞ, Böyük Britaniya və Fransada Rusiyadan fərqli olaraq daha təmkinli şəkildə qeyd olunur.

Bunun əsas səbəblərindən biri həmin ölkələrin tarixi hadisələrə verdiyi qiymətləndirmələrin fərqliliyi və Rusiya tarixinin öz daxillərində hələ də tam şəkildə dərk edilməməsidir. 

“Müasir Rusiyanın hadisələrə yanaşması ilə ABŞ və Avropanın mövqeyi arasında ciddi fərq var. Bu fərqin kökündə Rusiya tarixində baş verən hadisələrin, xüsusən də bolşevik çevrilişindən sonrakı repressiyaların, etnik deportasiyaların, siyasi terrorun və digər faciələrin Rusiyanın özündə yetərincə araşdırılmaması dayanır. Bundan başqa, Sovet İttifaqının qurulması imperiya ənənələrinin davamı olub və bu, Rusiya cəmiyyətində dərin kök salmış hegemon düşüncə tərzini daha da möhkəmləndirib.   1939-cu il Molotov-Ribbentrop paktı, Baltikyanı ölkələrin, Qərbi Ukrayna və Qərbi Belarusun ilhaqı, eləcə də Finlandiya ilə müharibə və nəticədə SSRİ-nin Millətlər Liqasından çıxarılması gələcək müttəfiqlərlə münasibətləri daha da gərginləşdirib”.   

Analitik hesab edir ki, indi də Rusiya ilə Qərb arasında əsas fikir ayrılıqlarından biri məhz sovet tarixində baş verənlərin qiymətləndirilməsindədir: 

"Məsələn, Katın meşəsində Polşa zabitlərinin kütləvi qətli, yaxud sovet hakimiyyətinə qarşı müxtəlif respublikalarda silahla mübarizə aparan qüvvələr, Azərbaycanda müsavatçılar, Ermənistanda daşnaklar, Ukraynada banderovçular, Baltikyanı ölkələrdə “meşə qardaşları” və digərləri Rusiyada “düşmən” sayıldığı halda, bir çox başqa ölkələrdə qəhrəman kimi tanınır. Bu, qiymətləndirmə məsələsidir. Əgər sovet hakimiyyətini müdafiə edirsinizsə, onlar “bandit”dirlər, yox, əgər əleyhinəsinizsə, “qəhrəman”dırlar. Problem də məhz buradadır: Rusiya hələ də bu tarixi prosesləri obyektiv şəkildə yenidən dəyərləndirməyib”. 

Politoloqun fikrincə, Rusiya hələ də Stalin rejiminin törətdiyi cinayətlərə görə kollektiv şəkildə üzr istəmədiyi və daxili tarixi ilə üzləşmədiyi üçün onun sivil dünya ilə tam inteqrasiyası mümkün deyil.   

Burada Almaniyanın Nurnberq prosesi sonrası göstərdiyi davranış örnək ola bilər.

Belə ki,  Almaniya nasist rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə üzr istəyib, məsuliyyət daşıyıb və  demokratiyanın Avropadakı aparıcı qüvvəsinə çevrilib. Rusiya isə hələ də belə bir tarixi mərhələni yaşamadığı üçün dünya ilə tam razılığa gələ bilmir.   

Töhfə Səməd

tag: Ramiz Yunus,Politoloq,Rusiya,Avropa,Todaypress.az,