Rusiyanın Koqalım şəhərində Ümummilli Liderin abidəsi ucaldıldı
Siyasət
23.10.2024 13:25
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə abidə ucaldılıb.
TodayPress xəbər verir ki, heykəltaraş Aydın Zeynalovun yaratdığı abidə Ulu Öndərin 100 illik yubileyi şərəfinə ucaldılıb.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1980-ci illərin əvvəlində o vaxt hələ qəsəbə olan, indi isə şəhərə çevrilən Koqalımın və ümumilikdə ölkənin neft sənayesinin inkişafına mühüm töhfə verib. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində sosial siyasətə kuratorluq edirdi və onun tapşırığına əsasən, qəsəbənin, həmçinin Sibirin neft hasilatçısı rayonlarının yol infrastrukturunun inkişafı üçün, o cümlədən Azərbaycandan podratçı təşkilatlar cəlb olunmuşdu. Bu şəhərin “Bakı” küçəsi Azərbaycan xalqının Koqalımın formalaşmasına verdiyi töhfəni xatırladır. Azərbaycanlılar yerli neft-qaz sənayesinin inkişafına fəal köməklik göstəriblər. Heydər Əliyevin abidəsi xatirə rəmzi və xalqlar arasında dostluğun təcəssümüdür.
Xatırladaq ki, Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələcək abidəsinin yerindəki rəmzi daş 2023-cü ildə qoyulub. Həmin vaxt şəhərin rəhbəri Nikolay Palçikov özünün “Telegram” kanalında abidənin Heydər Əliyevin 100 illik yubileyi şərəfinə ucaldılacağını qeyd edib.
tag: Rusiya, Abidə,Heydər Əliyev,Aydın Zeynalov,Ulu Öndər, todaypress.az,