Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu
Siyasət
28.01.2025 21:38
Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici
İşlər Nazirliyinə dəvət olunub.
TodayPress xəbər verir ki, bu barədə Xarici İşlər
Nazirliyindən bildirilib.
Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi
rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəf alan
yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq
yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd
olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi
şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu,
istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya
tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
tag: XİN, Rusiya,Azərbaycan, Mixail, Aktau, todaypress.az,