"Rusiya yanlız bir halda ABŞ qarşısında şərt qoya bilər" - POLİTOLOQ AÇIQLADI
“ABŞ prezidenti Donald Trampın Ukraynanı Rusiyaya güzəştə getməsi mümkün deyil”.
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Tramp atəşkəs əldə etməklə bir sıra ərazilərdən Rusiyanın çıxarılmasını təmin etməyə çalışır. Bunun müqabilində Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edə bilər.
“ABŞ və Rusiya prezidentlərinin Səudiyyə Ərəbistanında görüşü heç də "Yalta-2" anlamına gəlmir. Yəni, burada dünyanın bölüşdürülməsi mümkün deyil. İndi dünyada Avropa və Çin kimi nəhəng güclər var. Zəifləmiş Rusiyaya güzəştə getmək ABŞ-nin mövcud strategiyasının tənəzzülünə səbəb olar. Müharibəni Rusiya tərəfi başlayıb. Tramp sələfindən fərqli olaraq münaqişəni diplomatik danışıqlar yolu ilə bitirmək istəyir. Onsuzda Cozef Bayden Ukraynaya lazımi silahları vermirdi və bundan sonra da verməyəcək, müharibə isə davam edəcək. Nəticədə Avropa dövlətləri də müharibəyə sürüklənəcək. Bayden adminstrasiyası "müharibədə hər iki tərəf qalib olmamalıdır" prinsipi ilə davam edəcək”.
Analitikin qənaətincə, Rusiya hazırda kifayət qədər zəifləyib:
“Bir həftəyə Ukraynanı işğal etmə” planı 3 ildir ki, dalana dirənib. Rusiya prezidenti Vladimir Putin Trampın şərtləri ilə razılaşmasa, müharibə elə bu tempdə davam edə bilər. Donald Tramp Ukraynaya Bayden administrasiyasından fərqli olaraq öldürücü silahlar verməklə, Rusiyanı tam güzəştə məcbur edə bilər. Artıq respublikaçı senatorlar Ukraynaya öldürücü silahların verilməsi üçün "lend-liz qanunu" Trampa təqdim edəcək. Putinlə Tramp görüşü ərəfəsində bu, Rusiyaya verilmiş ən böyük mesajdır”.
M.Əsədullazadənin fikrincə, Tramp və Putin görüşü labüddür. Çünki müharibənin yeni mərhələyə keçməsi üçün danışıqlar prosesinə ehtiyac var. Öz beynəlxalq güc imicini formalaşdıran ABŞ lideri Putin qarşısında məğlub olmaq istəmir.Bu, Çini cəsarətləndirə və Avropanın ABŞ-dən üz döndərməsinə gətirib çıxara bilər. Nəticədə ABŞ-nin beynəlxalq aktor rolu zəifləyə bilər.
“Güclü ABŞ hakimiyyəti hazırda zəifləmiş Rusiya qarşısında geri çəkilmək istəməz. Həm də Rusiya Ukraynanı tam işğal etməyib ki, qalib kimi ABŞ ilə ciddi şərtlərlə danışsın. Rusiya o zaman ABŞ qarşısında şərt qoya bilərdi ki, onlar Ukraynanı tam işğal edib, Kiyevdə öz nümayəndəsini əyləşdirmiş olsun. Belə bir proses isə hazırda mövcud deyil”.
Töhfə Səməd
tag: Politoloq,Məhəmməd Əsədullazadə,ABŞ,Tramp,Todaypress.az,
