Rusiya-Ukrayna müharibəsində YENİ MƏRHƏLƏ: Pentaqon qoşun göndərməyə hazırlaşır? - TƏHLİL
Siyasət
01.11.2024 11:25
“NATO heç bir halda Ukrayna müharibəsinə müdaxilə etmək niyyətində deyil. Ona görə də Şimali Koreyanın öz qoşunlarını Rusiya tərəfindən Ukrayna ərazisində döyüşmək üçün göndərməsinə də müdaxilə etməyəcək. Pxenyan ilə üz-üzə gəlməyəcək”.
Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, NATO-nun siyasəti birbaşa prosesdə iştirak etməməklə Ukraynanı Rusiyanıın təcavüzündən qorumaqdır. Ona görə də Alyans Rusiya ilə birbaşa qarşı-qarşıya gəlmək istəmir:
“NATO dövlətlərinin Ukraynaya verdiyi orta mənzilli və uzaqmənzilli raketlər var ki, həmin raketlərlə Rusiyanın dərinliklərində olan hərbi-strateji obyektləri vurmaq olar. Bu, Ukrayna üçün böyük üstünlük təmin edə bilər. Ancaq gördüyümüz kimi NATO Ukraynaya verdiyi bu raketlərdən istifadəyə qadağa qoyub. Bu baxımdan NATO-nun Şimali Koreyaya qarşı hər hansı müharibəyə qoşulması da istisnadır.
Ancaq Şimali Koreyanın Ukrayna münaqişəsinə qoşulması yeni bir vəziyyət yaratdı. Üçüncü bir dövlət rəsmi qaydada öz qoşunlarını müharibəyə göndərirsə, bu onun birbaşa müharibəyə qoşulması deməkdir. Burada söhbət sadə könüllülərdən yox, həm də Şimali Koreyanın ordu birləşmələrindən gedir. Səsləndirilən rəqəmlər hələlik 12 mindir. Bu, kifayət qədər ciddi göstəricidir”.
Analitik hesab edir ki, Şimali Koreya qoşunlarının Ukraynada döyüşə göndərilməsi NATO dövlətlərinə, qərb ölkələrinə artıq Rusiyaya qarşı Ukraynaya qoyduğu bütün qadağaları aradan qaldırmağa imkan yaradır:
“Əgər Alyans bu vaxta qədər müharibəyə birbaşa müdaxilədən çəkinib, müxtəlif bəhanələr gətirirdisə, Şimali Koreya müharibəyə qoşulmaqla bu bəhanəni aradan qaldırır. Bu, Qərb üçün növbəti bir sınaq olacaq. Çünki bu halda Ukraynaya edilən yardımlar kontekstində Rusiya ərazisinin vurulması ilə bağlı bütün məhdudiyyətlərin qaldırılmaması üçün heç bir bəhanə qalmır. Ona görə də Qərb birmənalı olaraq bu yöndə qərarlar verməli, Ukraynanın təchizatını sürətləndirməli, hətta yeri gələrsə, könüllü adı altında əsgərlərlə Ukraynanı bu müharibədə dəstəkləməlidir”.
Qeyd edək ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Pxenyanın Rusiyaya 12 min hərbçi göndərməsi ilə bağlı artan narahatlıqlarından söz açıb. O, bildirib ki, bəzi qabaqcıl Şimali Koreya bölmələri artıq Kursk vilayətinə gəlib. Pentaqon rəhbəri həmçinin Rusiya forması geyinmiş və rus silahları ilə təchiz edilmiş Şimali Koreya qoşunlarını Ukraynaya doğru irəlilədiyini diqqətə çatdırıb.
Günəş Mərd
tag: NATO, Ukrayna, Şimali Koreya, Alyans, Rusiya, Natiq Miri, todaypress.az,