“Rusiya ABŞ-ni müharibəyə cəlb etmək istəyir” - Şoyqunun Tehran və Bakı səfərinə POLİTOLOQ ŞƏRHİ
Siyasət
06.08.2024 18:00
“Rusiya Yaxın Şərqdə baş verən hadisələrdə rol almağa, hətta proseslərin iştirakçısı olmağa can atır”.
Politoloq Natiq Miri bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehran və Bakı səfərini TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, Şoyqunun Tehran səfəri İran-İsrail gərginliyi müstəvisində baş verib. Bu, Rusiyanın bu məsələdən kənarda qalmaq istəmədiyini göstərir:
“Rusiyanın bu konteksdə geosiyasi və geoiqtisadi maraqları var. İran anlayır ki, İsrailə hücum edəcəyi təqdirdə bunun qarşılığı daha sərt və ağır olacaq. Onların qarşısını almaq üçün daha müasir havadan müdafiə sistemləri və qırıcı təyyarələrə ehtiyac var. Bu məsələdə Rusiya müəyyən mənada İrana yardım edə bilər. Düşünürəm ki, bunlar görüşdə əsas müzakirə predmeti olub”.
Politoloq hesab edir ki, Rusiyanın edəcəyi yaxşılıq təmannasız olmayacaq. O, bunun qarşılığında İrandan müəyyən məsələlərdə ona dəstək verməsini istəyəcək. Heç kimə sirr deyil ki, Yəməndə husilər, Livanda “Hizbullah”, Suriya və İraqda isə İranın dəstəklədiyi muzdlu dəstələr var. Rusiya bu proksi qüvvələrin köməkliyi ilə Qərbi, ABŞ-ni qısamüddətli müharibəyə cəlb etmək niyyətindədir. Çünki bu manevr ABŞ-nin başının qarışması və zəifləməsi deməkdir:
“Ukraynaya ABŞ-nin təşkil etdiyi koalisiya səviyyəsində ciddi silah-sursat tədarük edilir. Yaxın Şərqdə müharibənin olacağı təqdirdə ABŞ Ukraynaya ediləcək hərbi yardımları məhdudlaşdıracaq. Üstəlik, Yaxın Şərqdə belə bir toqquşma alovlandığı halda dünya birjalarında neftin qiyməti sürətlə artmağa başlayacaq. Bu da indiki vəziyyətdə çətin durumda olan Rusiyanın maraqlarına uyğundur. Ona görə də Kreml, bu məsələdə rol almağa, hətta prosesin iştirakçısı olmağa can atır”.
Politoloq Şoyqunun Tehrandan dərhal sonra Bakıya səfər etməsinə də diqqət çəkib. Onun fikrincə, nə Rusiya, nə də İran “İran-İsrail müharibəsinin” başlayacağı təqdirdə Azərbaycanın öz ərazisindən İsrailə icazə verməsini istəməz:
“Azərbaycan heç vaxt heç bir ölkəyə öz ərazisindən başqa ölkəyə, xüsusilə də, qonşu ölkəyə qarşı istifadəyə icazə verməz. Bu mümkün deyil. Çünki bu Azərbaycanı birbaşa prosesin içinə atmaqdı. Bu da təbii ki, Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Görüşdə ölkələrimiz arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub, Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi diqqətə çatdırılıb.
Günəş Mərd