Rusiya-ABŞ danışıqları: “Bu dövlətlər açıq şəkildə Ukraynanı bölüşdürürlər” - ŞƏRH

Siyasət

18.02.2025 15:48

1806

“ABŞ Prezidenti Donald Tramp Ukraynanın təbii sərvətlərindən, xüsusilə də metal yataqlarından istifadə etməyə ciddi maraq göstərir. Bu məsələ ABŞ-nin Ukrayna münaqişəsində Rusiyanın yanında olduğuna dair fikirləri əsaslandırır”. 

Siyasi şərhçi Elçin Xalidbəyli  bunu Todaypress.az-ə danışarkən  bildirib. 

O, hesab edir ki, Ağ Evin yeni sahibi Donald Tramp, Ukraynanı Rusiya ilə bölüşdürmək niyyətindədir: 

"Tramp administrasiyasının Ukrayna planı Ukrayna dövlətinin gələcək taleyini olduqca ciddi risk altına atır. Çünki Ağ Evin yeni sahibi Donald Tramp demək olar ki, Ukraynanı Rusiya ilə bölüşdürmək niyyətinə düşmüş kimi görünür. Tramp administrasiyası Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərinin Kremlin nəzarətində qalması ilə razılaşıb. Eyni zamanda ABŞ bunun qarşılığında Rusiyadan tələb edir ki, ABŞ-nin Ukraynanın təbii sərvətlərinə istismar etməsinə hər hansı bir müqavimət göstərməsin. Bu dövlətlər açıq şəkildə Ukraynanı bölüşdürürlər. Hətta onun təbii sərvətlərinin ABŞ-nin istismarına verilməsi ilə bağlı saziş də rəsmi Kiyevə göndərilib. Hələlik Zelenski hakimiyyəti həmin sazişi təsdiqləməkdən imtina edir, çünki bu Ukraynanın bərpa olunması üçün ehtiyac duyduğu maliyyə qaynaqlarını məhz ABŞ-nin büdcəsinə axmasına səbəb ola bilər. Digər tərəfdən, Ukraynanın təhlükəsizliyi üçün bir dövlət kimi mövcudluğu üçün ABŞ və ya hər hansı bir beynəlxalq siyasi iradə mərkəzi hələlik təhlükəsizlik təminatı verməyib. Yəni Ukraynanın gələcək taleyi bu baxımdan qeyri-müəyyən xarakter daşıyır".

Siyasi şərhçinin sözlərinə görə, Tramp administrasiyası Ukrayna və Avropa Birliyinin maraqlarını nəzərə almadan yalnız ABŞ və Rusiyanın strateji hədəflərini önə çıxarır: 

"Eyni zamanda belə anlaşılır ki, əslində Tramp administrasiyası Ukrayna planı ilə bu savaşın dayandırılması məsələsini siyasi-biznes layihəsinə çevirib və bu layihənin birmənalı şəkildə ABŞ-nin maraqlarını ifadə etdiyi də qətiyyən şübhə doğurmur. Burada nə Ukraynanın, nə də Avropa Birliyinin maraqları hər hansı şəkildə ifadə olunmur. Yalnız və yalnız ABŞ-nin strateji hədəfləri və maraqları ön planda tutulur. Hələlik Rusiya ilə Ukrayna bazarlığı davam etdirilir. Tramp və Putin bu bazarlıqda bir anlaşma əldə edərlərsə, ondan sonra bu anlaşmanın Avropa Birliyinə və Ukraynaya qəbul etdirilməsi prosesi başlamış olacaq. Danışıqlar prosesinə Ukrayna və Avropa Birliyi ilə ən yaxşı halda tamaşaçı statusunda qatılmaq imkanı qazanacaq. Yəni hər şeyi Tramp və Putin həll edəcəklər, digərləri sadəcə tamaşa edib, razılıq vermək məcburiyyətində qala bilərlər".

E. Xalidbəyli sonda vurğulayıb ki,  mövcud vəziyyət Ukraynanın təhlükəsizliyi üçün ciddi təhdidlər yarada bilər. 

Türkan İsgəndərli 

tag: ABŞ,Rusiya,Ukrayna ,Danışıq,Sülh,Elçin Xalidbəyli,Todaypress.az,

photo