Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmadı
Ermənistan vətəndaşı olan, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını
və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi
üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.
TodayPress xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam
Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas
gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu
bildirib və məhkəmə tərkibinə etiraz edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə
münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının
cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən
edilib və bu etiraz əsaslandırılmalıdır.
Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət
təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda
etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə
tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret
sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.
Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti
Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş
şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə
gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış
saxlanılıb.
R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə
etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait
yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.
tag: Ermənistan, Ruben Vardaryan, Azərbaycan, Məhkəmə, Cinayət, Terror, todaypress.az,