Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirildi
Siyasət
17.01.2025 21:00
Ermənistan vətəndaşı olan, Azərbaycan
Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini
pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə
təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası
keçirilib.
TodayPress xəbər verir ki, Bakı Məhkəmə Kompleksində
Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət
tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları
dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə
tərcüməçi ilə təmin olunub.
Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben
Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi
hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan
vəsatətinin olub-olmamasını soruşub.
R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən
müdafiəçisi iki vəsatət verib.
Onlardan biri R.Vardanyan barəsində cinayət işinin
Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan
erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması,
digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün
təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.
Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin
bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən
təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə
dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.
Azərbaycan Respublikasının Cinayət Prosessual
Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni
icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət
təmin olunmayıb.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə
cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət
qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq
vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə
tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq
üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq
hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq),
115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1
(terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci
(Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər
maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,