Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edildi
Ermənistan vətəndaşı
olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq,
müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın
barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam
etdirilib.
TodayPress xəbər verir ki, iclasda Baş Prokurorluğun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov
təqsirləndirilən şəxsə irəli sürülmüş konkret ittihamları elan edib.
Bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan
2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin
nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən
Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub,
Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid
pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında
fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair
yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi
cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı
qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil
etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə
tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar
hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd
ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov
Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları
tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi
məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini
verib.
Habelə Azərbaycanın işğal altında olan suveren
ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan
zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının,
akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının
qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya
Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə
danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş
ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan
helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal
edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin
alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq
müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi
fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun
nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən
vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror
əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
tag: Ermənistan, Vardaryan, Azərbaycan, Məhkəmə, Cinayət, todaypress.az,