Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Siyasət
08.01.2025 21:18
Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə zəng edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında
ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın
bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini
vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı
sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın
yanında olmağa davam edəcəyini bildirib.
Prezident İlham Əliyev də öz növbəsində
Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin
“Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər
zaman bir-birinin yanında olduqlarını vurğulayıb.
Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə
arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.
tag: Ərdoğan, İlham Əliyev, Türkiyə, Azərbaycan, Zəng, Cənubi Qafqaz, todaypress.az,