Ramiz Yunus: “Makron hakimiyyətdən getdikdən sonra münasibətlər normallaşa bilər”
Siyasət
09.08.2024 14:40
İkinci Qarabağ müharibəsindən sonra Fransanın Azərbaycana qarşı münasibətində ciddi sərtləşmələr müşahidə olunur. Qərəzli bəyanatlarla çıxış edən Yelisey sarayı rəsmi Bakını davamlı olaraq iddialar qarşısında qoyur. Bu halın Emmanuel Makronun hakimiyyətə gəlməsi ilə eyni vaxtda tüğyan etməsi heç də şübhə doğurmur. Həmçinin ölkə daxilində özünə ayrı bir respublika qurmuş erməni diasporu da Parisdə ciddi söz sahibidir.
Mövzu ilə bağlı TodayPress-ə danışan politoloq Ramiz Yunusun fikrincə, Makron hakimiyyətdən getdikdən sonra münasibətlər normallaşa bilər. Bu gün Fransa Makronun hakimiyyətə gəldiyi ilk günlərdəki kimi deyil. Onun əleyhinə olan qüvvələr də hazırda çoxalır. Bir vaxtlar bizə “barmaq silkələyən” Fransaya, indi Azərbaycan Yeni Kaledoniyadan “barmaq silkələyir”.
“Fransa praqmatik bir Qərb ölkəsidir. Fransanın, hətta Amerikanın xarici siyasətini erməni lobbisi müəyyənləşdirmir. Bu da bir stereotipdir. Sadəcə lazım olanda həmin qüvvələrdən istifadə edirlər. Bu dünən lazımlı bir amil ola bilərdi, amma indi artıq bu belə deyil. “Status-kvo” dəyişib. Fransa da bununla hesablaşacaq”.
Politoloqun sözlərinə görə, Fransa Cənubi Qafqaza daha gələ bilməz. Çünki Azərbaycan və Türkiyəsiz bu mümkün deyil.
Töhfə Səməd
tag: Fransa, Türkiyə , Cənubi Qafqaz, Azərbaycan, Yeni Kaledoniya, todaypress.az,